Fransa Prezidenti Emmanuel Makron Avropanın daha müstəqil və güclü siyasi-iqtisadi quruluşa malik olmasının vacibliyini vurğulayıb. O bildirib ki, ABŞ və Rusiyanın etibarlılığının azalması fonunda Avropa qlobal bazarlarda dollara alternativ axtarmalıdır.
Cagdas.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Makron bəzi Avropa qəzetlərinə verdiyi müsahibədə Avropa İttifaqının gələcəyi və birlik siyasəti ilə bağlı fikirlərini bölüşüb. O, artıq 9 ildir daha suveren Avropa uğrunda mübarizə apardığını deyərək, “Konseptual dönüşüm baş verib və bir neçə il əvvəl təsəvvür olunmayan bir çox addımlar atılıb. Məsələn, ortaq maliyyələşmə və layihələr vasitəsilə Avropa müdafiəsi qurulub. Bu ideoloji mübarizəni qazandıq, lakin nə sürət, nə də miqyas baxımından yetərli deyilik”, – deyə qeyd edib.
Makron bildirib ki, Avropa getdikcə daha qeyri-müəyyən bir dünyada mövcud olmağa çalışır: “Bizi əbədi qoruyacağını düşündüyümüz ABŞ artıq suallar doğurur. Ucuz enerji mənbəyi kimi qəbul edilən Rusiya ilə bağlı dəftər isə üç ildir bağlanıb. İxrac bazarı sayılan Çin isə getdikcə daha amansız rəqibə çevrilir”.
Fransa Prezidenti Avropa üçün bir “oyanış”ın zəruri olduğunu vurğulayaraq, 450 milyon əhalisi olan qitənin böyük potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, Aİ üzv ölkələri bu gücü birlikdə dərk etmir: “Çünki 1945-ci ilə qədər güc anlayışı bizim üçün daxili müharibə demək idi”.
Makron Avropanın sənayesini qorumasının vacibliyinə də diqqət çəkib: “Bunu çinlilər edir, amerikalılar edir. Avropa isə bu gün dünyanın ən açıq bazarıdır. Burada məsələ proteksionizm deyil, ardıcıllıqdır. Avropalı olmayan idxalçılara tətbiq etmədiyimiz standartları Avropa istehsalçılarına da məcbur etməməliyik”.
Qlobal bazarların dollara alternativ axtardığını bildirən Makron, Aİ-nin eurobondlar vasitəsilə öz maliyyə sistemini yaradaraq bu tarixi fürsəti dəyərləndirməli olduğunu deyib. O qeyd edib ki, hüquq dövləti və demokratiya Avropanı investorlar üçün cəlbedici edir: “Qarşımızda avtoritar Çin var, digər tərəfdə isə hüquq dövlətindən uzaqlaşan ABŞ”.


