Politico nəşrinin yazdığına görə, Donald Tramp administrasiyası son addımları ilə Avropa ölkələri ilə əməkdaşlıqdan daha çox onları tənqid etmək və təzyiq göstərmək niyyətində olduğunu nümayiş etdirir.
Çağdaş.Az-ın xəbərinə görə, məqalədə bildirilir ki, Tramp administrasiyası diqqətini tədricən Rusiya-Ukrayna müharibəsindən uzaqlaşdıraraq İranla bağlı hərbi qarşıdurmaya yönəldib.
Nəşrin iddiasına görə, Tramp Avropadakı NATO müttəfiqlərinin İrana qarşı müharibədə kifayət qədər dəstək verməməsindən narazıdır. Bu vəziyyət isə Avropa ölkələrini Vaşinqtondan asılılığı azaltmağa sövq edir.
“Politico” yazır ki, Tramp administrasiyası ilə Avropa müttəfiqləri arasındakı fikir ayrılıqları artıq “barışmaz səviyyəyə” çatmağa başlayıb.
Məqalədə qeyd olunur ki, Trampın Almaniya kansleri Fridrix Mertzi tənqid etməsi və Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılması planları Vaşinqton – Berlin münasibətlərində gərginliyi artırıb.
Bundan əlavə, Trampın Vladimir Putinlə apardığı telefon danışığı da Avropada narahatlıq yaradıb.
“Politico”nun dəyərləndirməsinə görə, hazırkı mərhələdə Tramp administrasiyası Avropa dövlətləri ilə birlikdə işləməkdən daha çox onları sərt şəkildə tənqid etməyə və müəyyən mənada “cəzalandırmağa” maraq göstərir.
















