Vankuverdə keçirilən FİFA təşkilatının 76-cı Konqresində Fələstin və İsrail nümayəndələrinin çıxışlarından sonra FİFA prezidenti Canni İnfantino onları səhnəni paylaşmağa dəvət edib.
Cagdas.az xəbər verir ki, İnfantino hər iki nümayəndə ilə əl sıxsa da, İsrail və Fələstin təmsilçiləri arasında əl sıxılma baş tutmayıb. Çıxışı zamanı Fələstin nümayəndəsi FİFA-nın çətin qərarlar qəbul etməsinin vacibliyini vurğulayıb və bildirib ki, təşkilat İsraillə bağlı məsələdə bu addımı atmayıb. Bu səbəbdən Fələstin Futbol Assosiasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edib.
İsrail Futbol Assosiasiyasının nümayəndəsi isə qeyd edib ki, qurum Fələstin Federasiyasının FİFA-da bərabərhüquqlu üzvlüyünü dəstəkləyir və həm öz komandaları, həm də fələstinli oyunçularla fəxr edir.
Qeyd edək ki, 2024-cü ildə Yaxın Şərq ölkələrinin futbol federasiyaları FİFA-ya İsrail milli komandasının beynəlxalq yarışlardan kənarlaşdırılması tələbi ilə müraciət ediblər. Bu çağırışı Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ daxil olmaqla ümumilikdə 12 federasiya dəstəkləyib. FİFA-nın intizam komitəsi İsrail tərəfindən mümkün pozuntular və ayrı-seçkilik halları ilə bağlı araşdırma aparacağını açıqlayıb. Lakin 2026-cı ilin mart ayında qurum Fələstinin İsrail yığmasının yarışlardan kənarlaşdırılması tələbini rədd edib və İsrail Futbol Assosiasiyasını cərimələyib.(sfera.az)
















