Milli təhlükəsizlik və texnologiya sahələri üzrə ixtisaslaşmış amerikalı şərhçi Harrison Kass ABŞ-nin nüfuzlu “The National Interest” jurnalı üçün yazdığı məqalədə Azərbaycan və Ermənistanın hərbi hava qüvvələrini müqayisə edib. O, Bakının təyyarə, dron və dəqiq idarə olunan sursat sahəsindəki əhəmiyyətli üstünlüyünün yeni hərbi qarşıdurma halında İrəvana heç bir şans vermədiyini qeyd edib.
Müəllifə görə, Azərbaycanın üstünlüyü onun əsas göstəricilərindən başlayır: “Ölkənin əhalisi təxminən 10,69 milyon, Ermənistanın isə cəmi 2,96 milyon nəfərdir. Azərbaycanın ÜDM-i təxminən 76 milyard dollar, Ermənistanın isə 31,87 milyard dollar olaraq qiymətləndirilir. Bu, Bakıya ordusunu maliyyələşdirmək və müasir silahlar əldə etmək üçün daha çox imkan yaradır. Fərq xüsusilə Hərbi Hava Qüvvələrində nəzərə çarpır. Dronları saymasaq, Azərbaycanın təxminən 167 qanadlı təyyarəsi və helikopteri var. Ermənistanın donanmasında isə təxminən 70 ədəddir. Azərbaycan Hərbi Hava Qüvvələri təxminən 15 000 nəfərlik heyətə malikdirsə, Ermənistanda bu rəqəm 5.000-dir. Azərbaycanın döyüş aviasiyasının əsasını MiQ-29 qırıcıları, Su-25 hücum təyyarələri və silahlanmaya daxil olan müasir JF-17 Thunder təşkil edir. Hərbi Hava Qüvvələrində həmçinin Boeing 767, Il-76 və C-27J Spartan nəqliyyat təyyarələri, təlim təyyarələri və böyük vertolyot donanması var” (Minval Politika).
Lakin müəllif Bakının əsas üstünlüyü kimi pilotsuz uçuş aparatlarını (PUA) göstərir: “Türkiyənin Bayraktar TB2 təyyarələri davamlı kəşfiyyatı təmin edir və dəqiq zərbələr endirir. İsrailin Harop və SkyStriker təyyarələri isə vacib hədəfləri vurmaq və hava hücumundan müdafiə sistemlərini yatırmaq qabiliyyətinə malikdir. Ermənistanda isə cəmi 4 Su-30SM çoxməqsədli qırıcı, eləcə də Su-25 təyyarələri, təlim təyyarələri və Mi-17, Mi-24 və Airbus H145 helikopterləri var”.
Müəllif daha sonra xatırladır ki, İkinci Qarabağ müharibəsində dronlar həlledici rol oynayıb: “Azərbaycan onlardan döyüş meydanını davamlı olaraq izləmək, düşmən mövqelərini aşkar etmək və zirehli texnikaları, artilleriya, logistika qurğularını və radar stansiyalarını məhv etmək üçün istifadə edib. O vaxtdan Bakı Türkiyə və İsrail müdafiə texnologiyalarına investisiya qoymağa davam edərək, davamlı kəşfiyyat, elektron müharibə, dəqiq zərbələr və hava hücumundan müdafiə sistemlərinə yönəlmiş ordu qurur. Ermənistan isə stasionar radarlardan, ənənəvi zenit sistemlərindən və Sovet hərbi doktrinasından asılı olaraq qalır”.
Sadalananlara əsaslanan təhlilçi hesab edir ki, yeni müharibə baş verərsə, Azərbaycan qısa zamanda hava üstünlüyü qazandıracaq və Ermənistan darmadağın ediləcək. “Odur ki, sülh yolu İrəvan üçün ən əlverişli ssenaridir”, – deyə o xəbərdarlıq edilib. Ermənistan, xüsusən də onun radikal-revanşist kəsimi xəbərdarlıqdan gərəkən nəticə çıxaracaqmı? Bakı ilə sülh prosesi sona çatacaqmı?
Hərbi ekspert Ramil Məmmədli 44 günlük müharibənin nəticələrini, ardınca antiterror əməliyyatını ermənilər üçün tarixi dərs hesab edir. Onun sözlərinə görə, Ermənistan regionda dinc şəraitdə yaşamaq istəyirsə, revanş hisslərini dəfn etməlidir. Hərbi analitikin fikrincə, yeni müharibəyə hazırlıq istəyi erməni xalqına fəlakət vəd edir və İrəvan potensial, resurs fərqini görməyi bacarmalıdır: “Azərbaycan 90-cı illərin əvvəllərində torpaqlarını itirdi. O zaman müxtəlif siyasi və hərbi problemlər var idi. Bu gün isə dövlətin və ordunun gücü müqayisə oluna bilməz. Eyni zamanda, regionda siyasi şərait dəyişib. Cənubi Qafqaz əvvəlki deyil. Ona görə də ermənilər nəticə çıxarmalı, yanaşı dinc yaşamağa razılaşmalıdır. Bundan əlavə, Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri var, Ermənistan isə Rusiyanın himayədarlığını itirib. O səbəbdən də revanş mümkün deyil”.
R.Məmmədli yekun sülh sənədinin imzalanmasını əşhədü ehtiyac sayır və bölgə üçün sabitliyin qarantı kimi dəyərləndirir. Onun fikrincə, əks təqdirdə, regionda keçmiş münaqişəni qızışdırmaq, hərbi eskalasiyaya təhrikdə maraqlı qüvvələr meydana çıxa bilər: “Təbii ki, əhalinin sayı, ordunun gücü və digər komponentlərə görə Azərbaycan Ermənistanı qat-qat üstələyir. Əslində, o dövrdə də ermənilərə havadarlıq olmasaydı, torpaqlarımızı işğal edə bilməzdilər. İndi bölgədə vəziyyət elə dəyişib ki, Ermənistan müttəfiqlərini ya itirib, ya da onların köhnə narrativləri yaşatmaq imkanları qalmayıb. Hazırda yeni dividendlər meydana çıxıb və erməni xalqı bundan fayda görə bilər. Onlardan biri Türkiyə ilə sərhədlərin açılması, yeni iqtisadi nəfəslik və Avropaya çıxış şansıdır. Həmçinin Azərbaycan üzərindən Rusiya gübrə, taxıl göndərir. Ölkəmiz də ermənilərə neft məhsulları ixrac edir. Gələcəkdə logistikalar işə düşəcək və yeni fürsətlər yaranacaq. Bu üstünlükləri qavramayan, müharibə istəyən cəmiyyət isə yalnız xəstə ola bilər. Azərbaycan Ermənistana barışıq əli uzadır. Onların etdiyi bütün cinayətlərə və pisliklərə baxmayaraq, sülh hamı üçün vacibdir. Əks təqdirdə, Ordumuz revanşist qüvvələri növbəti dəfə cəzalandırmağa hazırdır”./musavat.com
















