ABŞ hökuməti Ağ Evin altında yüksək təhlükəsizlik səviyyəsinə malik gizli bunker inşa edib.
Cagdas.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin böyük yeni bal zalına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, bu məkan həm onun, həm də gələcək prezidentlərin təhlükəsizliyi üçün möhkəmləndirilmiş yer kimi istifadə oluna bilər. Lakin keçmiş hökumət rəsmiləri bu arqumentin Ağ Ev kompleksində artıq belə məqsədlər üçün nəzərdə tutulmuş təhlükəsiz məkanın mövcudluğunu nəzərə almadığını bildiriblər.
Üç keçmiş ABŞ rəsmisinin sözlərinə görə, milli təhlükəsizliyə ciddi təhdid yaranacağı təqdirdə prezidentin və onun ən yaxın köməkçilərinin sığınması üçün yerin dərinliyində yüksək təhlükəsizlik səviyyəsinə malik bunker tikilib.
Məlumata görə, tikinti işləri ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə gizli şəkildə həyata keçirilib. Bunkerin Ağ Ev kompleksinin 18 metrdən çox dərinliyində yerləşdiyi və onlarla insanı bir neçə həftə ərzində saxlamaq imkanına malik olduğu bildirilir.
Keçmiş rəsmilər bunkerin nüvə partlayışına davam gətirmək üçün inşa edildiyini də qeyd ediblər.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi daha əvvəl Ağ Evin Şərq Qanadında yeni bal zalının tikintisinə müvəqqəti icazə verib. Məhkəmə bununla Trampın 400 milyon dollar dəyərindəki bal zalı layihəsini dayandıran aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.\sfera.az\
















