Beynəlxalq ekoloji təşkilat “Greenpeace” Almaniyada həddindən artıq isti keçən yayın ölkə iqtisadiyyatına vurduğu zərərin həcmi ilə bağlı təhlil yayıb.
Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, “Həddindən artıq isti yayın Almaniyaya xərci” adlı analizdə kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə yanğınları, səhiyyə xərclərinin artması və istehsalın aşağı düşməsi kimi amillərin Almaniya iqtisadiyyatına zərər vurduğu bildirilib.
Hesablamalara görə, bu məbləğ Almaniyanın ümumi daxili məhsulunun 0,8-0,9 faizinə bərabərdir.
Ən böyük zərbə biznes və istehsala dəyib
Təhlilə əsasən, isti hava dalğası nəticəsində ən böyük maliyyə itkisi biznes və istehsal sahələrində qeydə alınıb Yay ərzində təxminən 25 gün davam edən həddindən artıq isti hava işçilərin məhsuldarlığının azalmasına və istehsalatda fasilələrə səbəb olub. Nəticədə iqtisadiyyatın birbaşa 10,8 milyard avro zərər gördüyü hesablanıb.Bundan sonra quraqlıq və meşə yanğınları nəticəsində meşə təsərrüfatına dəyən 5-7,5 milyard avro həcmində zərər, həmçinin həddindən artıq isti hava ilə bağlı insan itkilərinin səhiyyə iqtisadiyyatına yaratdığı 6,9 milyard avroluq xərc gəlir. Quraqlıq səbəbindən kənd təsərrüfatında3,4 milyard avro itki yaranıb. İsti hava səbəbindən məktəblərdə tədris və öyrənmə səmərəliliyinin azalmasının isə təhsil sisteminə 3,2 milyard avroya başa gəldiyi təxmin edilir.
Reyn çayında suyun azalması logistikanı da vurub
Analizdə Reyn çayında su səviyyəsinin rekord həddə azalmasının və daxili su yolu daşımalarının pozulmasının da iqtisadi itkiləri artırdığı qeyd olunur. Bunun logistika və sənaye istehsalına 3,4-4,5 milyard avro arasında əlavə maliyyə yükü yaratdığı bildirilir.
“36 milyard avro minimum həddir”
“Greenpeace” nümayəndələri bildiriblər ki, məlumat çatışmazlığı səbəbindən bəzi sahələr üzrə itkiləri hesablamaq mümkün olmayıb. Bu səbəbdən 36 milyard avroluq ümumi zərər faktiki itkilərin minimum həddikimi qiymətləndirilməlidir. “Greenpeace”in maliyyə eksperti Mauricio Vargas bildirib ki, bu yay yaşanan istilər və quraqlıq milyonlarla insan və Almaniya iqtisadiyyatı üçün fəlakət xarakteri daşıyır.O, Almaniya hökumətini iqlim böhranına qarşı təcili və ciddi tədbirlər görməyə çağırıb.\modern.az\
















