İsveçrə Buzlaq Monitorinq Şəbəkəsi (GLAMOS) və İsveçrə Elmlər Akademiyasının (SCNAT) nəzdində fəaliyyət göstərən İsveçrə Kriosfer Müşahidə Komissiyasının hazırladığı hesabatda Alp dağlarında buzlaqların vəziyyəti qiymətləndirilib.
Cagdas.az xəbər verir ki, hesabatda may ayından sentyabr ayına qədər davam edən güclü istilik dalğalarının və az yağıntılı qış mövsümünün buzlaqların əriməsini sürətləndirdiyi bildirilib.
Qeyd olunub ki, 2026-cı ildə İsveçrə buzlaqları yenidən kəskin əriməyə məruz qalıb və buz kütləsinin 5%-dən çoxu yox olub. Ayrı-ayrı buzlaqların orta qalınlığı 2,5-4 metr azalıb. Yay aylarında bəzi buzlaq dillərində qalınlıq itkisi 10 metrə çatıb. Hesabata əsasən, 2025-2026-cı ilin qışında bütün yüksəkliklərdə qar örtüyünün qalınlığı uzunmüddətli orta göstəricidən xeyli aşağı olub. Bunun əsas səbəbi yağıntıların az olması ilə əlaqələndirilib.
Qış mövsümünün (2025-ci ilin noyabrından 2026-cı ilin aprelinə qədər) orta qar örtüyü baxımından ölçmələrin başladığı vaxtdan bəri ən az qar yağan 10 qış mövsümündən biri olduğu bildirilib. May-sentyabr aylarında isə hər ay quraqlıq şəraiti və ən azı bir istilik dalğası müşahidə olunub. Bu müddətdə donma sərhədi 76 gün ərzində 4 min metrdən yuxarı olub. Hesabata görə, bu göstərici orta göstəricidən iki dəfədən çoxdur və rekord hesab olunur. Buzlaqların üzərindəki qoruyucu qar örtüyünün iyun ayında baş verən istilik dalğaları zamanı qismən əridiyi qeyd edilib.
Sentyabr ayına qədər isə dəniz səviyyəsindən 3 500 metr yüksəklikdə belə qar örtüyünün qalmadığı bildirilib. Hesabatda Alp dağlarındakı buzlaqların mövcud şərait davam etdiyi halda uzunmüddətli perspektivdə yaşamaq şansının olmadığı vurğulanıb. Bir sıra kiçik buzlaqların, o cümlədən “Bella Tola” və “Griessfirren/Plattalvafirn” buzlaqlarının artıq yox olması bunun göstəricisi kimi qeyd edilib. 2026-cı ilin buzlaqların əriməsi baxımından rekord il olan 2022-ci ildən dərhal sonra gəldiyi bildirilib.
Bununla belə, 2026-cı ildə bəzi buzlaqlarda 2022-ci illə müqayisədə bir qədər çox qar toplanması səbəbindən itkilərin həmin ilki səviyyəyə çatmadığı qeyd olunub. Hesabatda həmçinin 2026-cı ildə qar səthinə daha az miqdarda “Sahara” tozunun çökməsinin günəş işığının daha çox əks olunmasına imkan verdiyi və bunun əriməni müəyyən qədər məhdudlaşdırdığı bildirilib. Buna baxmayaraq, “Allalin”, “Clariden”, “Aletsch” və “Rhone” buzlaqları 2026-cı ildə müşahidələr tarixində ən böyük ərimələrdən bəzilərini yaşayıb. İyul-sentyabr ayları arasında İsveçrədəki buzlaqların ümumilikdə təxminən 2200 milyard litr su itirdiyi bildirilib. Bu miqdarın İsveçrədəki bütün ev təsərrüfatlarının bir il ərzində istehlak etdiyi içməli suyun dörd qatından çox olduğu qeyd edilib. Hesabata görə, buzlaqların əriməsi hazırda yay aylarında su çatışmazlığının müəyyən qədər azaldılmasına kömək edir. Lakin buzlaqlarla örtülü ərazilər kiçildikcə bu təsirin artıq əhəmiyyətli dərəcədə zəiflədiyi vurğulanıb.\sfera.az\


