• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.5° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ay Laçın, can Laçın…

26 Avqust, 26 / 17:59
A A

Ay Laçın, can Laçın…

Mən sənə qurban Laçın… 

Laçının adı illərdir mahnılarda, şeirlərdə, yaddaşlarda belə səslənir, belə xatırlanır. Əslində isə bu ad hələ qədim dövrlərdən bəri bir şəhərdən daha böyük məna daşıyıb. Dağların arasındakı yurdu, doğma kəndi, uzaqda qalan evi, geri dönmək arzusunu ifadə edib. İndi isə Laçın haqqında danışmaq üçün yalnız xatirələrə müraciət etməyə ehtiyac yoxdur. Şəhər yenidən yaşayır, küçələrində həyat davam edir, sakinləri doğma yurda qayıdır.

Bu gün – 26 avqust Laçın Şəhəri Günüdür. 2022-ci ilin məhz bu tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçib. 2023-cü ildən etibarən isə 26 avqust rəsmi olaraq Laçın Şəhəri Günü kimi qeyd olunur.

Lakin Laçının bugünkü mənzərəsini yalnız son illərdə görülən quruculuq işləri ilə təsvir etmək yetərli deyil. Çünki bu şəhərin və bütövlükdə rayonun arxasında çoxqatlı bir tarix dayanır. Burada qədim kurqanlardan orta əsr türbələrinə, qalalardan saraylara, daş körpülərdən at və qoç formalı qəbirüstü abidələrə, Sarı Aşığın bayatılarından “Qasımuşağı” xalçasına qədər uzanan böyük bir mədəni irs formalaşıb.

Laçının tarixi şəhərin özündən də qədimdir

Laçın şəhəri 1923-cü ilədək Abdallar adlanıb, 1930-cu ildə rayon yaradıldıqdan sonra onun inzibati mərkəzinə çevrilib. Ancaq ərazidə qeydə alınan arxeoloji abidələr göstərir ki, Laçının tarixi indiki şəhərin yaranmasından xeyli əvvələ gedib çıxır.

Abdallar, Cicimli, Güləbird, Ziyrik, Hoçaz və digər yaşayış məntəqələrində Tunc və Dəmir dövrlərinə aid kurqanlar, daş qutular və qədim qəbiristanlıqlar aşkarlanıb. Cicimlidə “Qızqəbri” adlanan kurqan, Ziyrikdə Tunc dövrünə aid kurqan, Mirikdə Qaranlıq kaha və Bayqara mağaraları, Hoçazdakı mağara-məbəd bu torpaqlarda yaşayışın və dini təsəvvürlərin çox qədim dövrlərə söykəndiyini göstərən nümunələrdir.

Laçının tarixi coğrafiyasını maraqlı edən həm də müxtəlif dövrlərin bir-birinə yaxın məsafədə iz buraxmasıdır. Eyni kənddə və ya eyni vadidə qədim kurqan, bir neçə əsr sonra tikilmiş türbə, məscid, körpü və ya qala ilə qarşılaşmaq mümkündür. Buna görə Laçının mədəni irsinə ayrı-ayrı abidələrin siyahısı kimi deyil, yüzillər ərzində formalaşmış bütöv yaşayış mühiti kimi baxmaq daha doğru olardı.

Ağoğlan – əsrlərin içindən gələn memarlıq

Laçının tarixi-memarlıq irsinin ən mühüm nümunələrindən biri Kosalar kəndi yaxınlığında yerləşən Ağoğlan kompleksidir.

Abidənin tarixləndirilməsi ilə bağlı müxtəlif elmi yanaşmalar mövcuddur. Belə ki, onun ilkin mərhələsi V-VI əsrlərlə əlaqələndirilir, sonrakı dövrlərdə, xüsusilə IX əsrdə yenidən qurulduğu bildirilir. Bu fərqli tarixlər əslində kompleksin uzun müddət ərzində yaşadığını və müxtəlif dövrlərin izlərini özündə saxladığını göstərir.

Ağoğlanın memarlığında daş hörgü, tağ konstruksiyaları, sütunlar və uzunsov pəncərələr diqqət çəkir. Kompleksin ətrafında qədim qəbir daşlarının, sənduqələrin və at formalı daş abidələrin qeydə alınması buranın yalnız dini tikili deyil, uzun müddət formalaşmış böyük memorial və mədəni məkan olduğunu göstərir.

Ağoğlanı dəyərli edən təkcə onun divarları deyil. Abidənin yerləşdiyi təbii mühit, yaxınlığındakı qəbiristanlıq və daş plastika nümunələri birlikdə Laçının ən qədim mədəni mənzərələrindən birini yaradır.

Cicimli – tarix bir kənddə neçə dəfə dəyişib?

Laçının memarlıq xəritəsində Cicimli kəndinin ayrıca yeri var. Buradakı Məlik Əjdər türbəsi və Kar Günbəz orta əsr memorial memarlığının ən tanınmış nümunələrindəndir.

Məlik Əjdər türbəsinin dəqiq tikilmə tarixi müxtəlif araşdırmalarda fərqli göstərilir. Buna görə onun orta əsrlərə aid memarlıq nümunəsi kimi təqdim olunması daha düzgün yanaşmadır. Kar Günbəz isə memarlıq quruluşu ilə seçilir: tikilinin daxili planı xaçvari, xarici quruluşu kvadrat, mərkəzi hissəsi isə səkkizüzlü barabanla tamamlanıb.

Cicimlinin əhəmiyyəti yalnız bu iki türbə ilə məhdudlaşmır. Kənd ərazisində Dəmir dövrünə aid kurqanların da mövcudluğu burada tarixin müxtəlif mərhələlərinin bir-birinin üzərində deyil, bir-birinin yanında yaşadığını göstərir.

Türbələr, məbədlər, pirlər – Laçının dini yaddaşı

Rayonun dini-memarlıq xəritəsi kifayət qədər genişdir. Qarıqışlaq kəndində Dəmirovlu Pir məbədi, 1718-ci ilə aid məscid və qala qalıqları, Zeyvədə Soltan Baba və Şeyx Əhməd türbələri, Əriklidə Qarasaqqal türbəsi, Malxələfdə Xəlifə türbəsi, Əhmədlidə və Güləbirddə türbələr qeydə alınıb.

Piçənis, Qorçu, Şəlvə, Minkənd, Mirik, Sonasar, Sadınlar və Hoçazda da müxtəlif dövrlərə aid dini tikililərin izləri mövcuddur. Bunlara kəndlərdəki pirlər, ocaqlar və ziyarətgahlar da əlavə olunanda Laçının dini-mədəni həyatının nə qədər geniş coğrafiyaya yayıldığı aydın görünür.

Bu tikililərin hamısı böyük memarlıq abidəsi deyil. Bəziləri kiçik kənd ziyarətgahı, bəziləri sadə pir, digəri isə türbədir. Amma onların hər biri yerli əhalinin yaddaşında müəyyən yer tutub, insanların dini inancları, mərasimləri və gündəlik həyatı ilə bağlı olub.

Məhz buna görə Laçının mədəni irsi yalnız memarlıq dəyəri yüksək olan monumental tikililər üzərindən qiymətləndirilə bilməz. Kiçik bir kənd pirinin də həmin ərazinin sosial yaddaşında öz yeri var.

Dağların diktə etdiyi memarlıq

Laçının coğrafiyası onun memarlığını formalaşdıran əsas amillərdən biridir. Burada dağ sadəcə mənzərə deyil. Tarix boyu yaşayış yerinin, yolun, körpünün və qalaların harada qurulmasına birbaşa təsir edib.

Quşçu kəndindəki Uşaq qalası, Mirik qalası, Zeyvədəki Kafir-Qala və başqa müdafiə tikililərinin təbii yüksəkliklərdə yerləşməsi təsadüfi deyil. Sıldırım yamaclar və dərələr qala divarlarının davamı rolunu oynayıb.

Mirik kəndi bu mənada xüsusilə maraqlıdır. Burada qala ilə yanaşı mağaralar, dini tikili, bulaq və digər tarixi obyektlərin qeydə alınması kəndin uzun müddət yaşayış üçün əhəmiyyətini qoruduğunu göstərir.

Laçının memarlıq irsində saraylar da ayrıca səhifə açır.

Hüsülü kəndində yerləşən Həmzə Soltan sarayı 1761-ci ilə aid edilir. Sarayın vaxtilə ikimərtəbəli olduğu, böyük zalının, yardımçı otaqlarının və divanxanasının mövcudluğu bildirilir. Qalın daş divarlar tikiliyə həm yaşayış, həm də müdafiə xarakteri verib.

Soltanlar kəndindəki Soltan Əhməd sarayı da rayonun dünyəvi memarlıq irsinin mühüm nümunələrindəndir.

Bu iki tikili Laçının memarlıq tarixinin yalnız məscid, məbəd və qalalardan ibarət olmadığını göstərir. Burada hakimiyyət, idarəçilik və yaşayış mədəniyyəti ilə bağlı ayrıca memarlıq ənənəsi də mövcud olub.

Körpülər – unudulan tarixi yollar

Laçının qədim körpülərini yalnız memarlıq abidəsi kimi təqdim etmək onların əhəmiyyətini tam ifadə etmir. Bu körpülər bir vaxtlar yolların özləri qədər vacib olub.

Aşağı Fərəcan, Minkənd, Zabux, Pircahan, Seyidlər və başqa ərazilərdə birtağlı və ikitağlı daş körpülər qeydə alınıb. Minkənddə XIX əsrə aid körpülər, Zabuxdakı birtağlı körpü, Pircahançay üzərindəki Məşədi Mehralı körpüsü Laçının tarixi yol şəbəkəsinin bu günə gəlib çatan izlərindəndir.

Bu tikililər kəndlərin bir-biri ilə əlaqəsini, insanların hansı istiqamətlər üzrə hərəkət etdiyini, ticarət və təsərrüfat yollarının haradan keçdiyini anlamağa kömək edir.

Eyni yanaşma su dəyirmanlarına da aiddir. Onlar möhtəşəm memarlıq nümunələri sırasında çəkilməsə də, Laçının gündəlik həyatının tarixidir. İnsanların çörəyinin necə hasil olunduğunu, suyun təsərrüfatda necə istifadə edildiyini belə tikililər daha yaxşı danışır.

Daş atlar və qoçlar – qəbir daşından daha artıq

Laçının maddi mədəniyyətində at və qoç formalı qəbirüstü abidələr xüsusi diqqət çəkir. Malıbəy, Güləbird, Hüsülü və başqa kəndlərdə belə nümunələr qeydə alınıb.

Onların bir hissəsi XVI-XVII əsrlərə aid edilir. Daşların üzərində insan, at, silah, quş, günəş və müxtəlif işarələr həkk olunub. Bəzi nümunələrin üzərində konkret tarixlər və ərəb qrafikalı kitabələr də mövcuddur.

Bu daşlar yalnız mərhumun qəbrini göstərmirdi. Üzərindəki təsvirlər dövrün sosial həyatından, insanların özlərini necə ifadə etməsindən, hansı simvollara üstünlük verməsindən xəbər verir.

Bəzən bir qəbir daşının üzərindəki at və ya silah təsviri həmin dövr haqqında yazılmış uzun mətndən daha çox məlumat verə bilir.

Bu mənada Laçının daş plastika nümunələri həm sənət əsəri, həm memorial abidə, həm də tarixi mənbədir.

Sarı Aşığın Laçını

Laçının mədəni yaddaşının başqa bir xətti Güləbirddən keçir.

Bu kənd Sarı Aşığın adı ilə bağlıdır. Azərbaycan bayatı yaradıcılığının ən tanınmış simalarından olan Sarı Aşığın sözləri əsrlər boyu şifahi yaddaşda yaşayıb. Güləbirddə onun qəbri, qəbirüstü abidəsi və xatirə muzeyinin olması həmin ədəbi ənənənin konkret coğrafi ünvanını da müəyyənləşdirib.

Burada maraqlı bir məqam var. Tarixi binanı, türbəni və ya qəbir daşını fiziki olaraq qorumaq lazımdır. Şifahi irs isə başqa cür yaşayır. Onu insanlar daşıyır.

Sarı Aşığın bayatılarının bu gün də xatırlanması Laçın mədəniyyətində sözün daş qədər uzunömürlü olduğunu göstərir.

“Qasımuşağı” – Laçının ilmələrə köçən yaddaşı

Laçının ənənəvi mədəniyyəti xalçaçılıqsız təsəvvür edilə bilməz. Rayonla bağlı ən məşhur xalça nümunələrindən biri “Qasımuşağı”dır.

Adı bölgədə yaşamış Qasımuşağı eli ilə əlaqələndirilən bu xalçalar özünəməxsus kompozisiya və ornamentləri ilə seçilib. Xalçanın üzərindəki naxışlar yalnız bəzək deyil. Onlar nəsillər boyunca ötürülmüş sənət təcrübəsinin, yerli estetik zövqün və məişət mədəniyyətinin bir hissəsidir.

Laçında xalçaçılıqla yanaşı dulusçuluq, misgərlik, tikmə, papaqçılıq, keramika, daşyonma və digər xalq sənətləri də inkişaf edib.

Mədəniyyətin davamlılığı baxımından əsas məsələ də budur: tarixi tikilini bərpa etmək olar, amma bir sənət ənənəsi onu bilən sonuncu ustadan sonra itib gedirsə, onu geri qaytarmaq daha çətin olur.

Ona görə Laçının mədəni irsinin qorunması haqqında danışarkən həm Ağoğlanın daş divarını, həm də “Qasımuşağı” xalçasını toxuya biləcək əli düşünmək lazımdır.

10 mindən artıq eksponatın toplandığı yaddaş

Laçın Tarix-Diyarşünaslıq Muzeyi vaxtilə rayonun mədəni həyatının əsas ünvanlarından biri olub. İşğaldan əvvəl burada 10 mindən artıq eksponat saxlanılırdı.

Arxeoloji tapıntılar, etnoqrafik materiallar, məişət əşyaları və başqa tarixi nümunələr Laçının müxtəlif dövrlərini bir məkanda birləşdirirdi. Muzey 1989-cu ildə keçirilmiş ümumittifaq muzeylərə baxış müsabiqəsində də fərqlənmişdi.

İşğaldan sonra muzey binasının dağıdılması, eksponatların isə məhv edilməsi və ya aparılması barədə məlumatlar var.

Bir muzeyin itirilməsi yalnız bir mədəniyyət müəssisəsinin sıradan çıxması deyil. Muzeydə ayrı-ayrı kəndlərdən, ailələrdən və tarixi dövrlərdən toplanmış əşyalar birlikdə rayonun yaddaşını formalaşdırırdı. Həmin kolleksiyanın itirilməsi Laçının mədəni tarixində yaranan ən böyük boşluqlardan biridir.

İşğal dövrünün mədəni itkiləri

1992-ci ildən sonra Laçının tarixi-mədəni irsinin böyük hissəsi Azərbaycanın nəzarətindən kənarda qaldı. Bu müddətdə bir sıra abidələrin dağıdıldığı, zədələndiyi və onların memarlıq xüsusiyyətlərinə müdaxilələr edildiyi qeydə alınıb.

Ağoğlan kompleksində aparılan dəyişikliklər, Sarı Aşığın qəbirüstü abidəsinin dağıdılması, türbələrin, pirlərin və qəbiristanlıqların zərər görməsi barədə faktlar mövcuddur.

Burada mühüm məqam yalnız dağıntının həcmi deyil. Tarixi abidəyə sonradan edilən hər müdaxilə onun ilkin kimliyi haqqında məlumatın bir hissəsini itirə bilər. Buna görə Laçındakı abidələrin bərpası zamanı ilkin vəziyyətin elmi şəkildə müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

İşğaldan əvvəl rayonda 54 dünya və 200-dən artıq yerli əhəmiyyətli tarixi abidənin olduğu barədə məlumat verilib.

Rəqəmin özü Laçının tarixi irsinin miqyasını göstərir. Ağoğlan, Məlik Əjdər türbəsi və Həmzə Soltan sarayı daha çox tanınır. Amma onların arxasında yüzlərlə kiçik abidə dayanır: kənd qəbiristanlığı, qədim bulaq, dəyirman, pir, sənduqə, daş körpü…

Laçının tam mədəni tarixini yazmaq üçün onların da hər biri ayrıca öyrənilməlidir.

Bu gün Laçın başqa bir mərhələni yaşayır. Şəhərdə yaşayış məhəllələri, yollar, məktəblər, ictimai və mədəni obyektlər yaradılır, insanların doğma yurda qayıdışı davam edir.

2040-cı ilədək inkişaf planında təbii landşaftla uyğunluq, mövcud şəhər strukturunun qorunması, ekoloji həssas ərazilərin mühafizəsi və ictimai məkanların inkişafı əsas istiqamətlər sırasındadır.

Laçında buna xüsusilə ehtiyac var. Çünki bu şəhərin kimliyi memarlıqla təbiətin qarşılıqlı münasibətindən yaranır. Burada dağ şəhərin fonu deyil. Həkəri də sadəcə çay deyil. Qədim kəndlər, tarixi yollar və abidələr şəhərin ümumi yaddaşının hissələridir.

Yeni tikililəri şəhərə yerləşdirmək nisbətən asandır. Onları tarixi və təbii mühitlə uzlaşdırmaq isə daha böyük məsuliyyət tələb edir.

Ağoğlanı qorumaq onun yalnız divarlarını bərpa etmək demək deyil. Ətrafındakı tarixi mühit də nəzərə alınmalıdır. Qədim körpü yalnız daş tikili deyil, keçmiş yolun bir hissəsidir. Sarı Aşıq yalnız abidə adı deyil, yaşayan ədəbi ənənədir. “Qasımuşağı” xalçası isə sərgidə nümayiş etdirilən əşyadan əvvəl bir sənət məktəbidir.

Əgər bu əlaqələr qorunarsa, Laçının yenidən qurulması yalnız fiziki bərpa olmayacaq. Şəhərin tarixi davamlılığı da təmin ediləcək.

Laçını Laçın edən nədir?

Bu gün – 26 avqust Laçın Şəhəri Günüdür.

Şəhərin yeni binaları var, yeni yolları çəkilir, yeni həyat qurulur. Amma Laçını başqa şəhərlərdən fərqləndirən məhz yenilik deyil.

Onu fərqləndirən müxtəlif əsrlərin eyni məkanda qoyduğu izlərdir.

Kurqanlardan qalalara, Ağoğlandan Cicimli türbələrinə, Həmzə Soltan sarayından qədim körpülərə, daş at və qoçlardan Sarı Aşığın bayatılarına, “Qasımuşağı” xalçasından bu gün qurulan yeni şəhərə qədər uzanan həmin xətt Laçının kimliyidir.

Bu şəhərin gələcəyində ən çətin, eyni zamanda ən vacib məsələ həmin xətti qırmamaqdır.

Ay Laçın, can Laçın…

Bir vaxtlar bu misralar daha çox həsrətlə oxunur, həsrətlə deyilirdi

Bu gün isə Laçının özündə səslənə bilir!\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Mehriban Əliyeva doğum günündə körpələr evi-uşaq bağçasının açılışını edib

Avqust 26, 2026
Cəmiyyət

Bu kəndlərdə ev almağa tələsin – kəskin bahalaşacaq

Avqust 26, 2026
Cəmiyyət

Evlilərin diqqətinə: sizdən pul tutula bilər – Hüquqşünas

Avqust 26, 2026
Cəmiyyət

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət etdi

Avqust 26, 2026
Cəmiyyət

Ermənistanda bu qüvvələr fəallaşdı – Praqadakı tədbir revanşistləri niyə isterikaya saldı?

Avqust 26, 2026
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)
Cəmiyyət

İrandan ABŞ kəşfiyyatına milyardlıq zərbə

Avqust 26, 2026

XƏBƏR LENTİ

Mehriban Əliyeva doğum günündə körpələr evi-uşaq bağçasının açılışını edib

26 Avqust, 26 / 18:54

Bu kəndlərdə ev almağa tələsin – kəskin bahalaşacaq

26 Avqust, 26 / 18:41

Evlilərin diqqətinə: sizdən pul tutula bilər – Hüquqşünas

26 Avqust, 26 / 18:29

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət etdi

26 Avqust, 26 / 18:13

Ay Laçın, can Laçın…

26 Avqust, 26 / 17:59

Ermənistanda bu qüvvələr fəallaşdı – Praqadakı tədbir revanşistləri niyə isterikaya saldı?

26 Avqust, 26 / 17:46
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İrandan ABŞ kəşfiyyatına milyardlıq zərbə

26 Avqust, 26 / 17:33

Azərbaycanda bu ad cəmi 3 uşağa verildi

26 Avqust, 26 / 17:20

Azərbaycan-Gürcüstan sərhədində vəziyyət necədir? – Rəsmi

26 Avqust, 26 / 17:07

İrandan Netanyahunun oğluna SUİ-QƏSD PLANI: Əşyalarını götürmədən ölkəni TƏRK ETDİ -ŞOK DETALLAR

26 Avqust, 26 / 16:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.