Son dövrlərdə bankların borclunun həyat yoldaşına məxsus gəlir və əmlaka da tələb yönəltməsi məsələsi gündəmə gəlib. Bu isə ər-arvadın nikah dövründə əldə etdikləri əmlakın hüquqi statusu və borc öhdəliklərinin hansı hallarda digər həyat yoldaşına şamil edilə bilməsi ilə bağlı suallar doğurur.
Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bəzi hallarda banklar borclunun həyat yoldaşının gəlir və əmlakına tələb yönəldilməsi üçün icra məmuruna müraciət edirlər.
Hüquqşünas bununla bağlı konkret nümunə də çəkib:
“Son zamanlar banklar yeni üsula əl atıblar. Tələblərini borclunun həyat yoldaşının gəlirinə, əmlakına yönəldirlər. Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyanın yarısını tutmağa başlayır”.
Ə. Həsənovun sözlərinə görə, bunun əsas səbəblərindən biri ər-arvadın nikah dövründə əldə etdiyi gəlir və əmlakın birgə mülkiyyət hesab olunmasıdır.
“Bu ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir, əmlak onların birgə mülkiyyəti hesab olunur. Bundan qurtulmağın bircə yolu var: hər kəsin gəlirinin, əmlakının sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılması. Bunu hər an etmək olar. O cümlədən tələb gəlirə yönəldikdən sonra da. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa, borc artıq ərin pensiyasından tutula bilməyəcək”, – deyə hüquqşünas vurğulayıb.\modern.az\
















