“Azər-Türk Bank”da müştərilərin şikayət indeksi bir ayda 3 dəfədən çox artıb.
Cagdas.az xəbər verir ki, Azərbaycanda iyul ayında 7 bankın müştəri şikayətləri üzrə indeksi əvvəlki ayla müqayisədə yüksəlib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, şikayət indeksi ən yüksək olan bank “Unibank” olub. Bankın indeksi 1,95 təşkil edib.
Sonrakı yerlərdə “Yelo Bank” 1,77 və “Rabitəbank” 1,62 qərarlaşıb.
Bu banklar AMB-nin təsnifatında “orta şikayət indeksi”ni ifadə edən sarı kateqoriyada yer alıb. İyulda “yuxarı şikayət indeksi”ni ifadə edən qırmızı kateqoriyaya daxil olan bank olmayıb.
Əvvəlki ayla müqayisədə “Azər-Türk Bank”ın şikayət indeksi isə 0,39-dan 1,18-ə yüksələrək 3 dəfədən çox artıb.
“Rabitəbank”da göstərici 1,24-dən 1,62-yə, “Bank Respublika”da 1,04-dən 1,35-ə yüksəlib.
İyulda şikayət indeksində artım qeydə alınan digər banklar “Paşa Bank”, “Kapital Bank” və “Unibank” olub. “Paşa Bank”ın indeksi 0,21-dən 0,29-a, Kapital Bankın göstəricisi 0,75-dən 0,86-ya, “Unibank”ın indeksi isə 1,85-dən 1,95-ə yüksəlib.
Qeyd edək ki, şikayət indeksi bank üzrə şikayətlərin bazar payının həmin bankın müştərilər üzrə bazar payına nisbəti əsasında hesablanır. Bu göstərici şikayətlərin mütləq sayını deyil, bankın müştəri bazası nəzərə alınmaqla şikayətlərin nisbi səviyyəsini əks etdirir./plat.az/
















