Son dəqiqə
Valyuta məzənnələri: Avro və rubl ucuzlaşdı Azərbaycanda kolleclər ləğv edilir? – Nazirlikdən böyük dəyişiklik anonsu “Sədərək” və “Binə”də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı Üç bürc yaxın zamanlarda varlanacaq Bakının bir sıra yollarında sıxlıq var – SİYAHI Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb

Azərbaycanda kolleclər ləğv edilir? – Nazirlikdən böyük dəyişiklik anonsu

Cəmiyyət

Azərbaycanda kolleclərin qəbul və idarəetmə qaydalarında dəyişikliklər nəzərdə tutulur. Belə ki, gələcəkdə kolleclərin müstəqil statusunun ləğv edilərək ali təhsil müəssisələrinin vahid sisteminə daxil edilməsi, 9-cu sinif bazasından qəbulun isə dayandırılması planlaşdırılır. Bu barədə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman məlumat verib.

Sitat: “Tam inteqrasiya dedikdə kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid sisteminə daxil edilməsi nəzərdə tutulur. 9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır”.

Kolleclərin müstəqil statusunun ləğv edilərək ali təhsil müəssisələrinin vahid sisteminə daxil edilməsi təhsil keyfiyyətinə və kadr hazırlığına hansı müsbət dəyişiklikləri gətirə bilər?

Cagdas.az bildirir ki, Globalinfo.az-a  danışan təhsil eksperti Məzahir Məmmədli deyib ki, bu gün Azərbaycanda təhsil pillələri arasında ən uğursuz sahə kollec təhsilidir:

“Hərçənd son bir neçə ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasından sonra bu istiqamətdə müəyyən addımlar atılmağa başlanıb. Tədris proqramlarının təkmilləşdirilməsi, kadr məsələləri və müəllim seçimi ilə bağlı dəyişikliklər edilir. Lakin bunlar hələ də kifayət etmir. Məlumdur ki, kollec məzunlarının əksəriyyəti ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanında maraqlıdır. Onlar kollecləri universitetə qəbul üçün bir növ tramplin kimi görürdülər. Lakin son dövrlərdə ali təhsil müəssisələrindən də kollec məzunlarının hazırlıq səviyyəsi ilə bağlı şikayətlər artıb. Belə ki, subbakalavr dərəcəsi ilə universitetlərə qəbul olunan tələbələrin bir qismi digər tələbələrlə ayaqlaşmaqda çətinlik çəkir”.

Ekspert bildirib ki, bir müddətdir kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi ilə bağlı təşəbbüslər həyata keçirilir:

“Bu prosesə artıq bir neçə il əvvəl başlanılıb. Amma nəzərə almaq lazımdır ki, yalnız tədris proqramlarının yenilənməsi və kadr dəyişiklikləri problemin həlli üçün kifayət deyil. Atılan addımlar gözlənilən nəticəni vermədiyindən kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi istiqamətində yeni qərar qəbul edilib. 2030-cu ilədək bütün kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi nəzərdə tutulur. Düşünürəm ki, bu addım da gözlənilən effekti verməyə bilər. Fikrimcə, ən doğru yanaşma ali təhsil sistemində təhsil səviyyələrinin sayını dördə çatdırmaqdır. Subbakalavr dərəcəsi üçün iki, bakalavr üçün dörd il nəzərdə tutula bilər.

Magistratura və doktorantura pillələrinin müddəti isə ayrıca müzakirə mövzusudur. Əgər kolleclər anlayışını təhsil sistemindən çıxarırıqsa, bu halda onları ali təhsilin ayrıca pilləsinə çevirmək daha məqsədəuyğun olar. Məsələn, tələbə iki il təhsil alaraq subbakalavr dərəcəsi əldə edə və əmək bazarına daxil olmaq üçün kifayət qədər bilik, bacarıq qazandığını düşünürsə, bu mərhələdə təhsilini başa vura bilər. Beləliklə, subbakalavr dərəcəsini aldıqdan sonra əmək bazarına yönələ bilər. Təhsilini davam etdirmək istəyənlər isə seçim əsasında bakalavr, magistratura və doktorantura pillələrində təhsil ala bilərlər”.

M.Məmmədli qeyd edib ki, universitetlər kolleclərə tam nəzarət edə bilməyəcək:

“Kolleclər universitetlərin tərkibində vahid sistem üzrə fəaliyyət göstərsəydilər, ali təhsil müəssisələri kadr hazırlığı, tədris proqramlarının formalaşdırılması və əmək bazarının tələblərinin nəzərə alınması prosesində daha yaxından iştirak edə bilərdilər. Bu halda universitetlərin həmin tələbələrə subbakalavr dərəcəsi də vermə şansları olardı. Ümumiyyətlə, kolleclərin müstəqil statusunun ləğv edilərək ali təhsil müəssisələrinin vahid sisteminə daxil edilməsi təhsilin keyfiyyətində ciddi dəyişiklik yaratmayacaq. Çünki bu gün də əksər kolleclər universitetlərin nəzdində fəaliyyət göstərir. Buna baxmayaraq, onların idarəetmə və müstəqil qərarvermə imkanları qalır. Universitetlərin isə kolleclərin idarəçiliyinə və kadr siyasətinə təsir imkanları məhduddur. Buna görə də hesab edirəm ki, yalnız tabelik məsələsinin dəyişdirilməsi ciddi nəticə verməyəcək”.