İstanbulun Sarıyer rayonunda görünən dişi aslanla bağlı maraqlı iddia gündəmə gəlib. Aslanın “Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcıya məxsus olduğu və onun Uskumruköydəki evindən qaçdığı irəli sürülüb. Futbolçunun axtarış işlərinə qatılması və balaca aslanı sığalladığı görüntüləri paylaşması isə müzakirələri daha da artırıb.
Aslan Abdülkerim Bardakcıya məxsusdur?
Cagdas.az xəbər verir ki, Sarıyerin Uskumruköy məhəlləsində görünən və axtarışına başlanılan dişi aslanın sahibi ilə bağlı diqqətçəkən iddia yayılıb. Sosial şəbəkələrdə heyvanın “Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakcıya məxsus olduğu və onun yaşadığı evdən qaçdığı iddia edilib.
Futbolçu axtarışlara qatıldı
Məlumata görə, Abdülkerim Bardakcı da hadisənin baş verdiyi ərazidə olub və aslanın axtarışına dəstək verib. Futbolçunun axtarış işlərini izlədiyi anlar da kameralara düşüb.
Balaca aslanı sığalladığı görüntüləri paylaşdı
İddialardan sonra Bardakcı sosial şəbəkə hesabında iki aslanın olduğu məkanda balaca aslanı sığalladığı görüntüləri paylaşıb. Futbolçu paylaşımına gülüş və aslan emojiləri əlavə edib. Bu paylaşım onunla bağlı yayılan iddialara zarafatla cavab kimi qiymətləndirilib.
Aslan termal kameralarla axtarılır
Hadisə noyabrın 22-də saat 18:00 radələrində Sarıyerin Uskumruköy məhəlləsində qeydə alınıb. Aslanın görüldüyü barədə məlumatdan sonra təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Axtarışlara jandarma, polis, Təbiəti Mühafizə və Milli Parklar İdarəsi, eləcə də bələdiyyə əməkdaşları cəlb olunub.
Termal kameralar vasitəsilə aparılan araşdırmalar nəticəsində heyvanın meşəlik ərazidə olduğu yer müəyyənləşdirilib. Mütəxəssis baytarların da iştirak etdiyi əməliyyatda aslanın sakitləşdirici iynə vasitəsilə zərər verilmədən tutulması planlaşdırılır.
İstanbul Valiliyi heyvanın olduğu ərazinin müəyyən edildiyini və onun sağ şəkildə tutulması üçün tədbirlərin davam etdiyini açıqlayıb.
Sarıyer bələdiyyəsinin rəhbəri Oktay Aksu isə ərazidə yaşayan sakinlərə evlərindən çıxmamaları barədə xəbərdarlıq edib.\referans media\


