Son illər Azərbaycanda sürətli onlayn kredit xidmətlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bir neçə dəqiqə ərzində əldə edilən kiçik məbləğli kreditlər, “maaşa qədər borc”, “pulmanat” və oxşar xidmətlər xüsusilə gənclər arasında geniş yayılıb.
Artıq bir çox insan gündəlik tələbatlarını, kommunal ödənişlərini, tibbi xərclərini, hətta bəzi hallarda əyləncə və istehlak ehtiyaclarını qarşılamaq üçün kreditə müraciət edir. Sosial şəbəkələrdə asan kredit reklamlarının çoxalması da bu meyli daha da gücləndirir. Müşahidələr göstərir ki, bəzi şəxslər əvvəlki borclarını ödəmək üçün yeni kreditlər götürür və nəticədə borclanma zənciri yaranır. Bu tendensiya xüsusilə maliyyə savadlılığı kifayət qədər formalaşmayan gənclər arasında narahatlıq doğurur.
Bəs son dövrlərdə gənclər arasında kreditdən asılılıq halları həqiqətən artırmı? Sürətli və yüksək faizli kreditlərin geniş yayılması gənclərin maliyyə davranışlarına necə təsir göstərir? Bu tendensiya gələcəkdə hansı sosial və iqtisadi risklər yarada bilər?
Cagdas.az mövzu ilə bağlı Sfera.az a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, sürətli kredit xidmətlərinin yayılmasının əsas səbəbi bazarda formalaşan tələbatdır:

“Ümumiyyətlə, bazarın və biznesin əsas prinsipi budur ki, hansı məhsula və ya xidmətə tələb varsa, həmin tələb qarşılanır. Bu gün bir çox vətəndaşın yüksək borclanma səviyyəsi, zəif kredit tarixçəsi, yaxud bankların tələb etdiyi gəlir sənədlərini təqdim etməkdə çətinlik çəkməsi nəticəsində alternativ kredit təşkilatları meydana çıxır. Bu qurumlar məhz banklardan kredit ala bilməyən vətəndaşlara yüksək faizlə borc verməklə fəaliyyət göstərirlər. Lakin əsas sual başqa olmalıdır: vətəndaş niyə yüksək faizli kredit götürməyə məcbur qalır? Problemi yalnız kredit götürən şəxsin davranışında axtarmaq düzgün deyil. Bunun arxasında duran sosial və iqtisadi səbəbləri araşdırmaq lazımdır. Əlbəttə, maliyyə savadlılığı da mühüm amildir. Çox vaxt insanlar zəruri olmayan istehlak mallarını kreditlə alaraq özlərinə əlavə borc yükü yaradırlar. Ancaq əgər vətəndaş gündəlik xərclərini, kommunal ödənişlərini, müalicə və ailə ehtiyaclarını qarşılamaq üçün yüksək faizli qısamüddətli kreditlərə müraciət edirsə, bu artıq təkcə maliyyə savadlılığı problemi deyil. Bu, gəlirlə xərclər arasında yaranmış balanssızlığın göstəricisidir”.
Ekspertin sözlərinə görə, son illərdə sürətli onlayn kredit xidmətlərinin sayının artması da göstərir ki, cəmiyyətdə təcili pula ehtiyac yüksəlib:
“Əgər bu təşkilatlar bazarda fəaliyyət göstərir və gəlir əldə edə bilirsə, deməli, onlara real ehtiyac var. Buna görə də dövlət və iqtisadi siyasət baxımından əsas diqqət insanları borclanmağa məcbur edən səbəblərə yönəlməlidir. Əhalinin gəlirləri, əməkhaqları, yaşayış xərcləri və sosial təminat imkanları arasında balans pozulduqda insanlar çıxış yolu kimi yüksək faizli kreditlərə üz tuturlar. Bu səbəbdən problemin kökünə baxmaq lazımdır. Mən hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən təşkilatlara daha sərt lisenziya tələbləri tətbiq edilməlidir. Eyni zamanda, vətəndaşları real maliyyə imkanlarını nəzərə almadan borclanmağa təşviq edən aqressiv kredit reklamları və məsuliyyətsiz kreditləşmə mexanizmləri də nəzarət altına alınmalıdır”.
“Kredit bütün dünyada iqtisadi inkişaf aləti kimi istifadə olunur. Sahibkarlar bizneslərini böyütmək, yeni investisiyalar həyata keçirmək üçün kreditdən yararlanırlar. Kredit insanların aşağı gəlirlərini və yüksək xərclərini gizlədən mexanizmə çevrilməməlidir. Əgər vətəndaş yaşamaq üçün borca möhtac qalırsa, əsas məqsəd kreditlərin sayını artırmaq deyil, həmin ehtiyacı yaradan iqtisadi səbəbləri aradan qaldırmaq olmalıdır. Son illərdə problemli kreditlərin sayının artması da göstərir ki, bir çox ailələrin gəlir-xərc balansı pozulub. İnflyasiya və artan yaşayış xərcləri fonunda vətəndaşların sosial-iqtisadi rifahına təsir edən amillər daha qabarıq şəkildə özünü göstərir”,-A.İbrahimli nəzərə çatdırıb.
















