Bu ilin 1 avqust tarixinə Azərbaycanın bank sektorunun aktivləri 60,980 milyard manat təşkil edib.
Cagdas.az-a Trende istinadən xəbər verir ki, bu göstərici keçən ilin 1 avqust tarixi ilə müqayisədə 5,28 milyard manat və ya 9,5% çoxdur.
Hesabat dövründə bankların məcmu öhdəlikləri 53,330 milyard manat, balans kapitalı isə 7,650 milyard manat təşkil edib. Qeyd olunur ki, iyul ayında bankların məcmu aktivləri, məcmu öhdəlikləri və balans kapitalı 0,1% artıb.
Bank sektorundakı artım fonunda Azərbaycan Mərkəzi Bankı maliyyə sisteminin dayanıqlılığının möhkəmləndirilməsi məqsədilə həyata keçirilən islahatların nəticələrini də açıqlayıb.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda İslama İnkişaf Bankı (İİB) Qrupunun İllik İclasları çərçivəsində keçirilən 20-ci Qlobal İslam Maliyyəsi Forumunda məsələni şərh edib.
“Son üç il ərzində biz bank sektorunda normativ bazanı təkcə ən son uçot standartlarına keçid kimi ənənəvi istiqamətlər üzrə dəyil, həm də bazar davranışı, ESG və digər yeni sahələrdə modernləşdirmişik. Kapital bazarında qüvvədə olan qanunvericiliyə də bir sıra dəyişikliklər edilib. Reytinq agentlikləri, törəmə maliyyə alətləri, vençur kapitalı, kraudfandinq haqqında və digər qanun layihələri hazırlanaraq hökumətə təqdim olunub”, – deyə Ş. Mahmudzadə bildirib.
















