Azərbaycanın gəlirləri milyardlarla dollar arta bilər

Dünya neft bazarında qiymətlərin yenidən yüksəlməsi Azərbaycanın iqtisadiyyatı üçün mühüm imkanlar yaradır. Azərbaycan neftinin əsas markası olan “Azeri Light”ın qiyməti son günlər kəskin artaraq bir barel üçün 95-100 dollar ətrafında formalaşıb. Bəzi günlərdə isə qiymət 100 dollar həddini də keçib.

Cagdas.az  xəbər verir ki, bu artımın Azərbaycan üçün əhəmiyyəti yalnız neft şirkətlərinin gəlirlərinin çoxalması ilə məhdudlaşmır. Neft qiymətinin uzun müddət yüksək səviyyədə qalması dövlət büdcəsinin gəlirlərinə, valyuta daxilolmalarına, Dövlət Neft Fondunun imkanlarına və nəticə etibarilə ölkənin maliyyə dayanıqlığına müsbət təsir göstərəcək.

Məsələnin ən diqqətçəkən tərəfi isə Azərbaycanın 2026-cı il dövlət büdcəsinin hesablanmasında neftin qiymətinin 65 dollar götürülməsidir. Yəni faktiki qiymətin 95-100 dollar civarında olması büdcə hesablamalarında nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir.

Başqa sözlə, dünya bazarında neftin qiyməti 100 dollar ətrafında sabitləşərsə, Azərbaycan hər barel üzrə büdcə proqnozunda nəzərdə tutulan qiymətdən təxminən 35 dollar daha yüksək gəlir əldə etmək imkanı qazanacaq. Təbii ki, bu fərqin hamısı birbaşa dövlət büdcəsinə daxil olmur. Neft gəlirlərinin bölüşdürülməsi, hasilatın həcmi, müqavilə şərtləri, ixrac xərcləri və Dövlət Neft Fondunun mexanizmləri nəzərə alınmalıdır. Lakin qiymət artımının ölkənin ümumi maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyi şübhəsizdir.

Əgər yüksək qiymətlər il ərzində orta hesabla qorunarsa, söhbət sadəcə milyonlarla deyil, milyardlarla dollar əlavə neft gəlirindən gedə bilər. Xüsusilə qiymətin 65 dollarlıq büdcə ssenarisindən 90-100 dollar səviyyəsinə yüksəlməsi Azərbaycan üçün ciddi əlavə fiskal imkanlar yaradır.

Burada başqa bir mühüm məqam da var. Neftin 100 dollara çatması artıq nəzəri və uzaq ehtimal deyil. “Azeri Light” son dövrdə 100 dollar səviyyəsini keçib. Dünya bazarında Brent neftinin qiyməti də hazırda 95 dollar ətrafında qərarlaşıb.

Üstəlik, neft bazarında bahalaşmanın arxasında geosiyasi amillər dayanır. Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazından enerji daşımaları ilə bağlı risklərin yüksəlməsi dünya bazarında təkliflə bağlı narahatlıqları gücləndirib.

Bu vəziyyət davam edərsə, 100 dollar həddi Azərbaycan nefti üçün yenidən əsas qiymət səviyyələrindən birinə çevrilə bilər. Hətta geosiyasi risklərin daha da böyüməsi halında 100 dollardan yuxarı qiymətlər də mümkündür.

Azərbaycan üçün yüksək neft qiymətinin ən böyük üstünlüklərindən biri maliyyə ehtiyatlarının gücləndirilməsidir. Əlavə neft gəlirləri ölkənin strateji valyuta ehtiyatlarının artmasına, dövlət maliyyəsinin daha rahat idarə olunmasına və iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə imkan yaradacaq.

Azərbaycan iqtisadiyyatının əsas üstünlüklərindən biri də yüksək neft qiymətlərinin yaratdığı gəlirlərdən istifadə etməklə maliyyə təhlükəsizliyi yastığını formalaşdırmaq imkanının olmasıdır. Bu baxımdan neftin 100 dollara yaxınlaşması ölkə üçün təkcə cari gəlir artımı deyil, həm də gələcək iqtisadi sabitlik baxımından əlavə imkan deməkdir.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ