Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır. İki ölkə nəqliyyat, sənaye, investisiya, kənd təsərrüfatı, təhsil və azad edilmiş ərazilərin bərpası kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir. Prezident İlham Əliyevin ötən gün Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi son müsahibəsində də bu əməkdaşlığın xüsusilə nəqliyyat və logistika istiqamətində böyük perspektivlər vəd etdiyi vurğulanıb.
Cagdas.az iki ölkəni birləşdirən mühüm layihələri təqdim edir.
Füzulidə Özbəkistanın inşa etdiyi məktəb
İki ölkə arasında qardaşlığın ən görünən nümunələrindən biri Füzulidə Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbdir. Üç hektar ərazidə inşa edilən məktəbdə 40 sinif otağı, laboratoriyalar, informatika otaqları, kitabxana, idman zalı və digər infrastrukturlar yaradılır.
Füzulidə “Dostluq bağı”
Özbəkistanla əməkdaşlığın daha bir layihəsi Füzulidə yaradılan 100 hektarlıq “Dostluq bağı” nar bağıdır. Prezident İlham Əliyev bu layihəni iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın nümunələrindən biri kimi qeyd edib.
Chevrolet avtomobillərinin birgə istehsalı
Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığının ən konkret nümunələrindən biri Chevrolet avtomobillərinin istehsalıdır. Prezidentin məlumatına görə, 13 iyul 2026-cı il tarixinədək Azərbaycanda 10 720 Chevrolet avtomobili istehsal olunub.
Isuzu avtobuslarının istehsalı
Avtomobil sənayesində əməkdaşlıq yalnız minik avtomobilləri ilə məhdudlaşmır. Azərbaycanda Isuzu markalı avtobusların istehsalı da həyata keçirilir. 13 iyul 2026-cı il tarixinə qədər 275 belə avtobus istehsal olunub.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu
İki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün Azərbaycan-Özbəkistan İnvestisiya Fondu mühüm mexanizmlərdən biridir. Fond qarşılıqlı investisiyaların və birgə biznes layihələrinin maliyyələşdirilməsi üçün yaradılıb.
Orta Dəhliz – Özbəkistanı Azərbaycan üzərindən Avropaya bağlayan marşrut
Ən böyük strateji istiqamətlərdən biri Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində, Azərbaycan isə Xəzərin qərb sahilində yerləşdiyindən iki ölkə Şərq-Qərb marşrutunda bir-birini tamamlayır. 2026-cı ilin yanvar-mart aylarında Özbəkistanla Azərbaycan arasında beynəlxalq yükdaşımaların həcmi 28,3 min tona çatıb və bir il ərzində 2,9 dəfə artıb.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası
Burada daha böyük regional layihə gündəmə gəlir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası Özbəkistanın Çindən gələn yükləri Azərbaycan üzərindən Avropaya çıxarmasına imkan verə bilər.
Azərbaycan bu layihənin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsini dəstəkləyir.
Birgə logistika layihələri
Azərbaycan və Özbəkistan Orta Dəhliz üzrə təkcə mövcud marşrutlardan istifadə etməyi deyil, birgə logistika infrastrukturu yaratmağı da müzakirə edir. Bakı limanı ətrafında Özbəkistanla birgə logistika mərkəzinin yaradılması istiqamətində planlar açıqlanıb.
Birgə geoloji kəşfiyyat
2026-cı ilin iyulunda Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə birgə müəssisənin yaradılması məsələsini müzakirə edib. Bu istiqamət iki ölkənin mineral ehtiyatların araşdırılması və yeni istehsal zəncirlərinin yaradılması sahəsində əməkdaşlığını genişləndirə bilər.
“Sea Breeze Uzbekistan” və “Ritz-Carlton” layihələri
Maraqlı məqamlardan biri də Azərbaycanın özəl sektorunun Özbəkistanda həyata keçirdiyi iri layihələrdir. Prezident İlham Əliyevin sözlərinə görə, Daşkənddə PASHA Holding tərəfindən Ritz-Carlton brendi altında hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksi layihəsi həyata keçirilir.

Əlaqələrin miqyasını göstərən başqa bir rəqəm də var: 2026-cı ilin iyuluna olan məlumata görə, Özbəkistan kapitalı ilə Azərbaycanda 130-dan çox kommersiya qurumu fəaliyyət göstərir. Eyni zamanda Özbəkistan tərəfinin məlumatına görə, həmin tarixdə Özbəkistanda Azərbaycan kapitalı ilə 442 müəssisə fəaliyyət göstərirdi.
Yəni söhbət artıq yalnız iki ölkə arasında siyasi dostluqdan getmir: Azərbaycan və Özbəkistan birgə avtomobil istehsalından Füzulidə məktəbə, qızıl və digər resurslar üzrə geoloji kəşfiyyatdan Orta Dəhliz üzərindən Avropaya çıxışa qədər çoxşaxəli iqtisadi tərəfdaşlıq qurur.(modern.az)
















