28 iyun 2026-cı il tarixində saat 13:00-da Türkiyənin İstanbul şəhərində, Hüseyn Cavid adına Millətlərarası Azərbaycan Məktəbinin binasında “Maarifçi Qadınlar” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstanbul şəhərində yaşayan və müxtəlif səbəblərdən təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbiri “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova açaraq layihənin əhəmiyyətindən danışıb. O, dildə çox asan səslənən bu önəmli məsələnin həlli üçün çox böyük əziyyətlərə qatlaşdıqlarından, maddi-mənəvi problemlərlə üz-üzə qaldıqlarından, ancaq nəticədə çox böyük uğurlar əldə etdiklərindən bəhs edib. Tədbirdə İstanbulun müxtəlif bölgələrində yaşayan azərbaycanlılar iştirak ediblər.
İstanbul şəhərində işsizlik səbəbi ilə uzun illərdir ki, Vətəndən ayrı yaşamaq məcburiyyətində qalan Ofelya Rəcəbova 4 qız övladının heç birini oxuda bilməməsindən danışarkən göz yaşlarına hakim ola bilməyib.
Xatirə Əliyeva “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri Şərqiyyə Məmmədovanın İstanbulda “Azərbaycan Təhsil Mədəniyyət və Sosial Həmrəylik” təşkilatını qurana qədər minlərlə məktəbyaşlı azərbaycanlı övladımızın bu gün də hərf yazma, kitab oxuma kimi mühüm bir məsələdə utancverici mənzərə ilə üz-üzə qalmalarından ürək yanğısı ilə danışıb. Bu cür layihələrin İstanbulda həyata keçirilməsinin çox önəmli olduğunu vurğulayan Xatirə Əliyeva məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi üçün hər kəsi səfərbər olmağa çağırıb.
Qalib Əhmədov adlı Naxçıvan sakini dövlət yetkililərinin buradakı çətin əmək şəraitində çalışan insanlara laqeyd münasibət göstərdiklərini bildirib. O, illər ərzində nə bir deputatın, nə də bir konsulluq işçisinin onların uşaqlarının təhsil məsələsi ilə maraqlanmadığını, ancaq övladlarının əsgərlik yaşı çatanda məmurların Naxçıvanda yaşayan qohum-əqrəbalarını hədələyərək övladlarının əsgər getməsini tələb etdiklərini deyərək hiddətlənib.
Tədbirdə layihə rəhbəri Elmira xanım “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri Şərqiyyə Məmmədovanın belə bir təhsil ocağı yaratmasına sevindiyini bildirib və hər bir dövlətin güclü olması üçün oxumuş vətəndaşlara ehtiyacı olduğunu vurğulayıb.
20 yaşlı Təranə İmaməliyeva ailəsinin maddi ehtiyac ucbatından İstanbula sığınaraq əmək fəaliyyəti ilə məşğul olduğunu, təhsildən kənar qaldığı üçün hal-hazırda İstanbulda fəaliyyət göstərən H. Cavid adına məktəbdə təhsilə cəlb edildiyini dile gətirərək bunları deyib: “Mən 20 yaşındayam, gələcəkdə eksternat yolu ilə imtahan verib attestat almaq, bir peşəyə yiyələnmək istəyirəm. Mənim yaşıdlarım ali məktəblərdə oxuyur. Mən heç də bu yaşımda oxumaqdan utanmıram! Qoy məni bu duruma salanlar utansın!”
Yekunda çıxış edən hər kəs təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi kimi mühüm bir məsələdə əllərindən gələn köməyi edəcəklərinə söz veriblər.


















