Yay aylarının sonu və payızın gəlişi ilə Bakıda kirayə mənzil bazarında ən aktiv mövsüm start götürür. Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan tələbələrin paytaxta axını yaxın günlərdə kirayə evlərə olan tələbatı kəskin artıracaq. Tələbin yüksəlməsi isə öz növbəsində xüsusilə münasib qiymətli mənzillərin kirayə haqlarında artımla müşahidə olunacaq.
Cagdas.az xəbər veriri ki bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Ekspertin sözlərinə görə, ən kəskin bahalaşma universitetlərin yerləşdiyi və ya nəqliyyat infrastrukturuna yaxın ərazilərdə qeydə alınacaq.
“Nərimanov, Yasamal, Nəsimi, Səbail və Xətai rayonlarının bəzi hissələri, eləcə də metrostansiyalara yaxın məhəllələr bu baxımdan daha çox seçilir. “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Gənclik”, “Nəriman Nərimanov”, “28 May”, “Memar Əcəmi” və “Neftçilər” metro stansiyalarının ətrafında yerləşən mənzillərə olan maraq hər zaman olduğu kimi, bu il də yüksəkdir”.
Akif Nəsirli qiymət artımının hansı aralıqda dəyişəcəyinə və ən çox tələb olunan mənzil tiplərinə də diqqət çəkib:
“Qiymət artımı mənzilin vəziyyətindən, təmirindən, yerləşdiyi mərtəbədən və binanın infrastrukturundan asılı olaraq dəyişir. Bəzi hallarda kirayə haqları əvvəlki aylara nisbətən 10-20 faiz arta bilər. Xüsusilə bir və ikiotaqlı mənzillər tələbələr tərəfindən daha çox axtarıldığı üçün bu seqmentdə bahalaşma daha nəzərəçarpan olacaq”.
İqtisadçı onu da əlavə edib ki, bazardakı qiymət artımı bütün ərazilərdə eyni dərəcədə hiss olunmayacaq.
“Şəhər mərkəzindən uzaq və ictimai nəqliyyat imkanları məhdud olan ərazilərdə qiymətlər daha sabit qalacaq. Əgər yeni yaşayış komplekslərində təklif çox olarsa, həmin ərazilərdə qiymət artımı nisbətən zəif hiss edilə bilər. Lakin ümumilikdə tələbə mövsümü tam başlayana qədər kirayə bazarında aktivliyin artması və xüsusən universitetlərlə metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin yüksəlməsi gözlənilən tendensiyadır”, – deyə o qeyd edib.
















