Bakıda ev almaq istəyənlərin nəzərinə

Bakıda mənzil almaq istəyənlər üçün əsas problem artıq yalnız münasib ev tapmaq deyil, həmin evin qiymətinə uyğun büdcə formalaşdırmaqdır. Paytaxtın xüsusilə mərkəzi və infrastrukturu inkişaf etmiş ərazilərində mənzillərin qiyməti yüz minlərlə manatla ölçülür. Bu səbəbdən 300 min manatlıq büdcə belə bəzi alıcıların gözlədiyi sahə və lokasiyanı seçməsi üçün kifayət etmir.

Cagdas.az  xəbər verir ki, 2026-cı ildə Bakının daşınmaz əmlak bazarında qiymət artımı davam edib, lakin artım daha çox tədricən və balanslı xarakter daşıyıb. Azərbaycan Qiymətləndiricilər Palatasının iyun hesabatına görə, yeni tikililərdə median qiymət 2 767 manat, köhnə tikililərdə isə 2 620 manat/kvadratmetr təşkil edib. Yeni tikililər üzrə qiymət indeksi ilin əvvəlindən 4,8 faiz, köhnə tikililər üzrə isə 4 faiz artıb.

Bu rəqəmlər mənzil almağın real maliyyə yükünü də göstərir. Məsələn, 100 kvadratmetrlik yeni tikili mənzilin orta bazar qiyməti təxminən 277 min manata çatır. Daha bahalı rayonlarda və premium layihələrdə isə eyni sahəyə malik mənzilin qiyməti 300 min manatı asanlıqla keçir. AQP-nin məlumatlarında yeni tikililərdə Nərimanov, Səbail, Nəsimi və digər mərkəzi rayonlarda qiymətlərin daha yüksək olduğu görünür.

2025-ci ilin sonuna dair rayonlar üzrə göstəricilər də qiymət fərqinin miqyasını ortaya qoyurdu. Yeni tikililərdə 1 kvadratmetr üçün orta qiymət Səbaildə 3 953, Nərimanovda 3 948, Nəsimidə isə 3 773 manat olub. Bu isə həmin rayonlarda 80-100 kvadratmetrlik mənzilin qiymətinin yalnız sahəyə görə belə 300 min manata yaxınlaşa və ya onu keçə biləcəyini göstərir.

Daşınmaz əmlak üzrə mütəxəssis Kamil Məmmədov saytımıza açıqlamasında bildirib ki, alıcı yalnız elandakı satış qiymətinə fokuslanmamalıdır. Onun sözlərinə görə, mənzilin sənədləri, yerləşdiyi ərazi, tikilinin texniki vəziyyəti və gələcəkdə yarana biləcək xərclər əvvəlcədən araşdırılmalıdır.

“Üç yüz min manatlıq mənzil belə alıcı üçün son xərc deyil. Mənzilin alınmasından sonra təmir, mebel, rəsmiləşdirmə və digər ödənişlər də ailə büdcəsinə əlavə yük yaradır”, – deyə ekspert vurğulayıb.

Bu isə o deməkdir ki, Bakıda ev almaq istəyən ailə üçün real büdcə yalnız mənzilin qiymətindən ibarət deyil. İlkin ödəniş, kredit, təmir və digər xərclər nəzərə alındıqda mənzil sahibi olmaq üçün tələb olunan məbləğ daha da artır. Bazarın hazırkı dinamikası isə yaxın müddətdə qiymətlərin kəskin ucuzlaşmasından çox, daha mülayim artımın davam edə biləcəyinə işarə edir.

Nəticədə alıcıların qarşısında əsasən iki seçim qalır: daha böyük büdcə formalaşdırmaq və ya şəhərin mərkəzindən kənarda daha münasib qiymətə mənzil axtarmaq…(metbuat.az)

Bənzər Xəbərlər

XƏBƏR LENTİ