Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Ölkə.az-a açıqlamasında bildirib ki, tədris ilinin başlanması ərəfəsində kirayə bazarında aktivliyin artması hər il müşahidə olunan prosesdir.
Onun sözlərinə görə, xüsusilə tələbələrin daha çox üstünlük verdiyi ərazilərdə kirayə mənzillərə tələbat yüksəkdir. Ekspert deyib ki, metro stansiyalarının və ali təhsil müəssisələrinin ətrafındakı mənzillərə marağın artması həmin ərazilərdə qiymətlərə də təsir göstərir.
V.Oruc qeyd edib ki, əvvəlki illərin təcrübəsinə əsasən, avqustun ikinci yarısından etibarən kirayə bazarında qiymətlərdə mövsümi artım müşahidə olunur.
“Bəzi ərazilərdə bu artım 10-15 faiz civarında ola bilər. Hazırda tələbələrin daha çox maraq göstərdiyi 28 May, Nərimanov, Gənclik, Elmlər Akademiyası, İnşaatçılar və Nizami istiqamətlərində qiymətlər mənzilin sahəsi, təmir vəziyyəti, yerləşdiyi bina və metroya məsafəsindən asılı olaraq dəyişir”.
AQC sədri vurğulayıb ki, tələbələrin böyük hissəsi daha münasib qiymətli mənzillərə üstünlük verir və bir mənzildə iki və ya daha çox tələbənin birlikdə qalması kirayə xərclərini azaltmaq üçün geniş istifadə olunan üsuldur.

“Bazarda əsas problem yalnız qiymətlərin qalxması deyil, tələbin artdığı dövrdə uyğun mənzil tapmaq imkanlarının da məhdudlaşmasıdır. Xüsusilə universitetlərə və metro stansiyalarına yaxın ərazilərdə münasib qiymətə mənzil tapmaq daha çətin olur.
Tələbələrin üstünlük verdiyi mənzillərin kirayəsi əsasən 500-700 manat aralığında dəyişir. Daha əlverişli yerləşmə və təmir səviyyəsinə malik mənzillərdə isə qiymətlər 800-1000 manata və daha yuxarı həddə çata bilir”, – Vüqar Oruc deyib.
Ekspert bildirib ki, tələbə yataqxanalarında yerlərin məhdud olması da kirayə bazarına əlavə yük yaradır. Nəticədə universitetlərə yaxın ərazilərdə mənzil axtaranların sayının artması həm mövcud mənzillərə tələbi, həm də qiymətləri yüksəldir:
“Sentyabrın ilk günlərində kirayə bazarında aktivliyin daha da artacağı gözlənilir. Universitetlərdə tədris prosesi başladıqdan sonra bazarda müəyyən sabitləşmə yarana bilər, lakin tələbələrin sıx məskunlaşdığı ərazilərdə kirayə mənzillərə yüksək tələbin bir müddət davam edəcəyi gözlənilir”.\ölkə.az\
















