Bakıda mənzil satışı adı altında vətəndaşların xüsusilə külli miqdarda vəsaitini ələ keçirməkdə təqsirləndirilən “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin cinayət işi məhkəməyə göndərilib.
Cagdas.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Bildirilib ki, Bakının Nizami rayonunda tikinti işləri ilə əlaqədar mənzilləri sökülən sakinlərə uzun müddət yeni mənzillərin verilməməsi barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.
İstintaq zamanı Ceyhun Quliyevin “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzilləri və digər əmlakları yenidən satmaq adı ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Şirkətin təsisçisinə xüsusilə külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub. Barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 172 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İbtidai istintaq tamamlanaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.\modern.az\


