Son illər Bakı təkcə Azərbaycanın deyil, bütün regionun ən sürətlə böyüyən şəhərlərindən birinə çevrilib.
Əhalinin paytaxta axını, artan avtomobil sayı və yeni yaşayış massivlərinin genişlənməsi nəticəsində artıq tıxac problemi təkcə şəhər mərkəzində deyil, ətraf qəsəbələrdə də gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Bu vəziyyət “Bakının yükünü azaltmaq üçün paytaxtın köçürülməsi mümkündürmü?” sualını yenidən gündəmə gətirir. Mövzuya marağı artıran digər məqam isə Özbəkistanın həyata keçirdiyi iri şəhərsalma layihəsidir.
Rəsmi Daşkənd paytaxt statusunu itirməsə də, onun yaxınlığında on minlərlə hektarı əhatə edən, mərhələlərlə milyonlarla insanın yaşaması nəzərdə tutulan “Yeni Daşkənd” şəhəri inşa edilir.
Layihənin məqsədi əhali sıxlığını azaltmaq, müasir infrastruktur yaratmaq və paytaxtın yükünü bölüşdürməkdir. Bəs Azərbaycanda da gələcəkdə Bakının yükünü azaltmaq üçün yeni inzibati mərkəzin yaradılması və ya paytaxtın köçürülməsi müzakirəyə çıxarıla bilərmi?
Cagdas.az xəbər veriri ki “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədi Elman Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bir sıra ölkələr əhalinin çoxluğunu, sənaye müəssisələrinin mərkəzdə cəmləşməsini nəzərə alaraq ölkənin inzibati-siyasi mərkəzini dəyişir:
“Məsələn, 1990-cı illərdə Qazaxıstan paytaxtı Almatıdan Astanaya dəyişdi. Ötən əsrin 20-ci illərində Türkiyə paytaxtı İstanbuldan Ankaraya köçürdü. Bu gün İstanbul ölkənin beyin mərkəzi, mədəniyyət beşiyi, iqtisadi paytaxtı, Ankara isə məmur şəhəri olaraq siyasi mərkəzdir. Dünyanın supergücü olan ABŞ-də də belədir.
Rəsmi paytaxt olan Vaşinqton iri şəhərlər sırasında deyil. Əslində Qərb ölkələrində hər əyalətində iri sənaye, mədəniyyət mərkəz olan şəhərlər var. Məsələn, İtaliya, Fransa, Almaniya və İngiltərədə. Keçmiş sosialist düşərgəsinə daxil olan ölkələrdə isə adətən iqtisadi, siyasi mərkəz, əmək resursları elə paytaxt şəhərlərdə cəmləşirdi.
Daşkənd, Bakı bu tipli şəhərlərdən olub. Bütün ali məktəblər, elmi araşdırma müəssisələri, parlament, naziliklər, komitələr paytaxt şəhərdə yerləşib. Günümüzdə inkişaf etmiş dövlətlərdə paytaxtın yükünü azaltmağın alternativ yolları da var”.
O qeyd edib ki, başqa paytaxt şəhərinin tikilməsi böyük maliyyə vəsaitinə başa gəlir:
“Azərbaycanda elə bir hazır şəhər yoxdur ki, siyasi mərkəzi Bakıdan ora köçürəsən. Paytaxtın köçürülməsi mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Məclisin, Ali Məhkəmənin, səfirliklərin, Bakıda mənzillənmiş beynəlxalq təşkilatların köçürülməsi deməkdir. Bunun üçün müvafiq infrastruktur yaradılmalıdır.
Azərbaycanın hansı ikinci şəhərində belə infrastruktur var? Yeni paytaxt kimi adı hallanan Qəbələ, Xankəndi və Ağdamda belə şərait yoxdur. Onu yaratmaq lazımdır. Bu isə milyardlarla vəsait, vaxt tələb edir. Paytaxtın köçürülməsindənsə, onun yükünün azaldılması daha yaxşı olardı. Yaxşı olar ki, ali məktəblər Bakıdan çıxarılsın.
İctimai nəqliyyatda sıxlıq əsasən tədris ili ərzində müşahidə olunur. Bakı Dövlət Universiteti, Tibb Universiteti, Aviasiya Akademiyası, ADA Universiteti, Milli Müdafiə Universiteti, Polis Akademiyasından başqa bütün ali məktəbləri Quba, Şirvan, Lənkəran, Ağdam və Şəkiyə köçürmək mümkündür.
Qısa zamanda həmin rayonların sosial siması dəyişəcək, ziyalıların, fəal insanların sayı artacaq, mənzil bazarı aktivləşəcək, Bakının da yükü azalacaq. Pedaqoji Universitet Şamaxıda da fəaliyyət göstərə bilər. Rektorlar bu qərara mane olarsa, o zaman ali məktəblər Bakının kənarında yaradılacaq peyk şəhərlərə köçürülməlidir.
TV-lər, nəşriyyatlar da əyalət şəhərlərinə köçürülə bilər. Bakıda sıxlığı yaradan əsas amillərdən biri də “Mall”ların mərkəzə salınmasıdır. Xarici ölkələrdə ticarət mərkəzləri, hipermarketlər şəhərin kənarında fəaliyyət göstərir.
Tədricən bu müəssisələr də Bakının kənarına köçülməlidir. Paytaxtın Bakıdan köçürülməsinə qərar verilərsə, fikrimcə, yeni paytaxt işğaldan azad olunmuş regionlarda salınmalıdır. Ən yaxşı variant Xankəndidir. Bu şəhərin həm havası gözəldir, həm relyefi genişlənmək üçün əlverişlidir”.
Elman Cəfərli qeyd edir ki, paytaxt Xankəndiyə köçürülərsə, 90-larda ölkənin qərbindən şərqinə başlanmış və bu gün də davam edən miqrasiya dayanar:/Cebheinfo.az/
















