Ermənistan mallarının böyük əksəriyyətinin Rusiyaya idxalına qoyulan qadağa mağazalardakı çeşidlərə təsir göstərməyib.
Cagdas.az bu barədə erməni mediasına istinadən xəbər verir.
“Aksentı” Analitik Mərkəzi hesablayıb ki, Ermənistan idxalı tez bir zamanda Gürcüstan və qismən də Azərbaycan malları hesabına əvəzlənib.
“Aksentı” AM-in nəşrində deyilir: “Yanvar-iyun ayları ərzində Azərbaycan mallarının Rusiyaya ixracı 3% artaraq 608 milyon dolları ötüb (müqayisə üçün: eyni dövrdə Gürcüstandan idxal 332 milyon dollar, Ermənistandan isə 1,2 milyard dollar təşkil edib).
Bildirilir ki, pomidor Azərbaycan aqroixracının əsas flaqmanıdır. Rusiyaya 164 milyon dollar dəyərində 136 min ton pomidor tədarük edilib. Sıradan çıxan Ermənistan tərəvəzlərinin əvəzlənməsi fonunda Azərbaycan ixracatçılarının mənfəəti 10% artıb.
Meyvə-giləmeyvədən (çəyirdəkli meyvələr) bəhs olunarkən bildirilir: “İyun-iyul aylarında (Ermənistana mövsümi qadağanın pik nöqtəsində) Azərbaycanın çəyirdəkli meyvələr üzrə ümumi gəliri 40 milyon dolları keçib. Dağıstandakı buraxılış məntəqələrindən gilas, albalı, nektarin və şaftalı daşıyan Azərbaycan TIR-larının rekord hərəkəti qeydə alınıb”.
Bu müddətdə Rusiyaya 39 milyon dollar dəyərində 48 min ton alma ixrac olunub. Həcmlərdə cüzi azalmaya (mənfi 5,4%) baxmayaraq, Mərkəzi Rusiyada may ayındakı şaxtalar və qiymət artımı səbəbindən Azərbaycanın gəliri 10%-ə yaxın artıb.
Balıq və dəniz məhsullarına gəldikdə, Ermənistanın daha əvvəl göl qızılbalığı (forel) və siq tədarükü üzrə möhkəm mövqelərə malik olduğu balıq məhsulları seqmentində Azərbaycan öz varlığını əhəmiyyətli dərəcədə artırıb. 2026-cı ilin əvvəlindən Rusiya Azərbaycandan 43% daha çox dəniz məhsulları idxal edib.
Şirələr və sərinləşdirici içkilərlə bağlı vəziyyət belədir: Ermənistan şirələrinin, mineral sularının və nektarlarının tədarükü dayandıqdan sonra Azərbaycan zavodları Rusiya supermarkettərində boşalan nişaları tutublar. Azərbaycandan Rusiyaya birbaşa sıxılmış hazır qablaşdırılmış məhsulların tədarükü yarımildə 14% artıb.
Tekstildən də bəhs olunub. Ermənistan Rusiyaya hazır trikotaj geyimlər tədarük etdiyi halda, Azərbaycan Rusiya tikiş sənayesi üçün xammalın əsas tədarükçüsünə çevrilib. Respublikada əkin sahələrinin 15% genişlənməsi səbəbindən Rusiya fabrikləri kütləvi şəkildə Azərbaycan pambığına keçirlər. Azərbaycan ipliyinin fiziki ixrac həcmi isə birinci yarımildə artıq 2 dəfə sıçrayış edib”.
Beləliklə, hesab olunur ki, son aylarda Ermənistan məhsullarına qadağaların tətbiq edilməsi ilə Azərbaycan Rusiyada əlavə imkanlar əldə edib. Hər halda, ən səhih məlumatlar Azərbaycanın rəsmi qurumları tərəfindən verilə bilər, amma qeyd olunanlar da diqqət çəkir.(referans media)
















