Son dəqiqə

Bu şəxslər 40 manat cərimələnəcək

Cəmiyyət

Son dövrlər skuterlərdən istifadə halları artıb. Lakin bəzi sürücülərin piyada səkilərində hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır.

Bəs skuterlərin səkilərdə sürülməsi qanunla qadağandırmı? Qaydanı pozanları hansı cəza gözləyir?

Çağdaş.Az-ın məlumatına görə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir.

T.Nəsirli qeyd edib ki, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə kiçik elektrik nəqliyyat vasitələrinin idarə edilməsi qadağandır.

Onun sözlərinə görə, belə hal piyadaların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı inzibati məsuliyyət də yaradır və İXM-nin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur.

“Odur ki, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməli və məsuliyyətli olmalıdırlar”.