Bu tarixdə meteor yağışı müşahidə olunacaq

Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq.

Cagdas.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasın məlumat yayıb.

Bildirilib ki, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.

Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır.

Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür.

Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30-40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ