Son dəqiqə

Büdcəyə gələn hər 100 manatın 61- i qeyri-neft sektorundan olacaq

Cəmiyyət

2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı proqnozlaşdırılır.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Sənəddə bu payın son 20 ilin ən yüksək göstəricisi olacağı qeyd edilib.

Gələn il qeyri-neft-qaz sektorundan büdcəyə 23 milyard 774 milyon manat daxil olacağı gözlənilir. Bu, 2026-cı ilin proqnozundan 1 milyard 600 milyon manat və ya 7,2 faiz çoxdur.

Həmin gəlirlərin 14 milyard 850 milyon manatının vergi orqanları, 6 milyard 868 milyon manatının isə gömrük orqanları vasitəsilə daxil olması nəzərdə tutulur. Qalan hissə büdcə təşkilatlarının ödənişli xidmətlərindən və digər mənbələrdən formalaşacaq.

Neft-qaz sektorunun büdcə gəlirlərində payının isə cari il üçün proqnozlaşdırılan 42,6 faizdən 39,4 faizə enəcəyi gözlənilir.