Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə etmək və vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirmək niyyətində olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.
Cagdas.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə vətəndaşlarda güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə həqiqətə uyğun olmayan təsəvvür yaradıblar.
Onlar bu məqsədlə MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayaraq həmin sənədləri vətəndaşlara təqdim ediblər.
Məlumata görə, saxta sənədlər vətəndaşlara 1000 manatdan 9000 manatadək dəyişən məbləğlər müqabilində təqdim olunub və nəticədə onların pul vəsaitləri ələ keçirilib.
Əməliyyat tədbirləri çərçivəsində Şükufə Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı KMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Günay Lətifova və Şükufə Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyənləşdirilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DİN və MİDA vətəndaşlara güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etmələri barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, vətəndaşlar növbədənkənar mənzil satışı və ya prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmamalıdırlar.
Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunur.\modern.az\
















