Dövlət bağçalarının şəbəkəsinin genişləndirilməsi və qruplarda uşaq yerlərinin sayının artırılması istiqamətində işlər görülüb.
Cagdas.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə dövlət bağçalarında 6 mindən çox əlavə yer yaradılıb. Bununla da ümumi yerlərin sayı 112 minə çatdırılıb.
Eşqi Bağırov bildirib ki, dövlət bağçalarından sonra məktəbəqədər təhsil üzrə əsas modellərdən biri də məktəbə hazırlıq qruplarının təşkilidir.
O qeyd edib ki, 2016-cı ildən tətbiq olunan bu layihə ümumi təhsil müəssisələrində beş yaşlı uşaqların məktəbə hazırlığını təmin edir.
“Bu istiqamətdə də ölkə üzrə yüksək nəticə əldə olunub. Belə ki, bu il qəbul yerlərinin sayı 85 mindən 104 minə çatdırılıb”, – deyə Eşqi Bağırov vurğulayıb.
















