İqlim dəyişikliyi səbəbindən dünyada artıq 560 milyonadək uşaq hər il ən azı bir ay əlavə təhlükəli istilik stresi ilə üzləşir.
Bu vəziyyət uşaqların sağlamlığı üçün ciddi risk yaradır.
Cagdas.az xəbər verir ki, bu barədə Brüsseldəki Vrije Universiteit Brussel Universitetinin alimlərinin apardığı və “Science Advances” jurnalında dərc olunan yeni araşdırmada bildirilib.
Tədqiqatın nəticələrinə görə, 0-9 yaş arası 560 milyonadək uşaq insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi səbəbindən hər il ən azı bir əlavə ay istilik stresinə məruz qalır.
Araşdırmanın aparıcı müəllifi Rosa Pietroiusti bildirib ki, iqlim dəyişikliyi artıq dünyanın müxtəlif bölgələrində yüz milyonlarla uşağın təhlükəli istilərlə üzləşməsinə səbəb olur və bu, onların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Alimlərin fikrincə, yoxsulluq, keyfiyyətsiz yaşayış şəraiti, soyutma imkanlarına məhdud çıxış və səhiyyə sistemlərinin həddindən artıq yüklənməsi bir çox uşağın istidən qorunmaq imkanlarını daha da azaldır.
Uşaqlar niyə istiyə daha həssasdır?
Tədqiqatda qeyd olunur ki, istilik stresinə həssaslıq yaşa görə dəyişir. Körpələr, azyaşlı uşaqlar və yaşlı insanlar yüksək temperaturun təsirlərinə daha açıq qruplar hesab olunur. Uşaqların orqanizmi fiziki inkişaf mərhələsində olduğu üçün bədən temperaturunu tənzimləmək qabiliyyəti daha aşağıdır. Onlar hər kiloqram bədən çəkisinə görə böyüklərdən daha az tərləyir və metabolik sürətləri daha yüksək olduğundan ekstremal istilər zamanı daha sürətlə qızırlar. Həddindən artıq istilik orqanizmin temperaturu tənzimləməsinə mane olur, mövcud xəstəlikləri ağırlaşdıra və istilikvurma, böyrək çatışmazlığı və ağciyər problemləri riskini artıra bilər.
Ən böyük təhlükə hansı bölgələrdədir?
Alimlərin sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı rütubətli istilərdə ən böyük artım tropik ərazilərdə və əhalisinin böyük hissəsi gənclərdən ibarət olan daha yoxsul ölkələrdə müşahidə olunur. Xüsusilə Cənubi Asiya, Cənub-Şərqi Asiya və Qərbi Afrika təhlükəli istilik stresinə məruz qalan uşaqların sayının ən çox olduğu bölgələr sırasındadır. Bu ərazilərdə uşaqlar yalnız birbaşa istilik stresindən deyil, həm də ağcaqanadlarla yayılan xəstəliklərin artması, uşaqların qidalanmasının pozulması və doğuş zamanı yaranan ağırlaşmalar kimi dolayı təhlükələrdən əziyyət çəkə bilərlər.
Temperatur 1,5°C və 2°C artsa…
Araşdırma gələcəklə bağlı da narahatedici mənzərə ortaya qoyub. Qlobal temperatur artımı 1,5°C səviyyəsində qalsa, 0-9 yaş arası təxminən 620 milyon uşağın ildə ən azı bir əlavə ay istilik stresinə məruz qalacağı, 390 milyon uşağın isə ildə ümumilikdə ən azı beş ay istilik stresi yaşayacağı proqnozlaşdırılır. Temperatur artımı 2°C-yə çatarsa, təhlükə daha da böyüyəcək. Bu halda təxminən 650 milyon uşağın hər il əlavə bir ay, 420 milyon uşağın isə ən azı beş ay istilik stresi ilə üzləşəcəyi gözlənilir. Tədqiqatçılar vurğulayırlar ki, dünya əhalisi yaşlandıqca belə uşaqlar gələcəkdə istilik stresinə digər yaş qruplarından daha çox məruz qalmaqda davam edəcəklər.\sfera.az\
















