Dünyada Ebola virusu ilə bağlı narahatlıq yenidən artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasının indiyədək qeydə alınan ən böyük ikinci və ən sürətlə yayılan Ebola epidemiyası olduğunu açıqlayıb. Qebreyesusun sözlərinə görə, ölkədə yoluxanların sayı 6 mini, ölənlərin sayı isə 3 mini keçib. Epidemiya hazırda altı əyalətdə 60 səhiyyə bölgəsini əhatə edir.
Cagdas.az xəbər verir ki, ÜST rəhbəri xüsusilə İturi əyalətində vəziyyətin ciddi olaraq qaldığını bildirib. Məlumata görə, ölkədəki yoluxmaların 85 faizi, ölümlərin isə 88 faizi məhz bu əyalətin payına düşür. Qebreyesus epidemiyanın nəzarətə alınmasını çətinləşdirən əsas amillərdən birinin xəstələrin və ölənlərin müəyyən olunmuş təmas siyahılarından kənarda qalması olduğunu vurğulayıb.
“Bir çox ölüm məlum təmasda olan şəxslər arasında baş vermir. Bu isə bilmədiyimiz yoluxma zəncirlərinin mövcud olduğunu göstərir. Hər bir zəncir tapılıb qırılana qədər epidemiya davam edəcək”, – deyə ÜST rəhbəri bildirib. Onun sözlərinə görə, bu vəziyyət təkcə KDR üçün deyil, qonşu ölkələr və bütövlükdə region üçün də təhlükə yaradır.
Ölüm hallarının çoxu tibb müəssisələrindən kənarda baş verir
ÜST-nin diqqət çəkdiyi digər ciddi məsələ ölüm hallarının böyük hissəsinin müalicə mərkəzlərindən kənarda baş verməsidir. Qebreyesus təhlükəsiz dəfn qaydalarına əməl edilməməsinin virusun yayılmasını daha da sürətləndirə biləcəyini qeyd edib. Təşkilat KDR hökumətinin rəhbərliyi, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və digər tərəfdaşlarla birlikdə epidemiyaya qarşı mübarizəni genişləndirir. Bu məqsədlə bölgəyə 330 tondan çox təcili yardım ləvazimatı göndərilib, 300-dən çox mütəxəssis isə səfərbər olunub.
Ebola ilə mübarizədə peyvənd məsələsi də diqqət mərkəzindədir. Qebreyesus Bundibugyo virusuna qarşı iki yeni peyvənd namizədinin Böyük Britaniya və Kanadada təhlükəsizlik sınaqlarından keçirildiyini bildirib. Bundan əvvəlki Ebola epidemiyalarının əksəriyyətinə səbəb olan Zair ebolavirusuna qarşı təsdiqlənmiş peyvəndin mövcud olduğunu deyən ÜST rəhbəri həmin peyvəndin Bundibugyo virusuna qarşı nə dərəcədə effektiv olduğunun hələ məlum olmadığını vurğulayıb. ÜST-nin məlumatına görə, KDR-də yeni peyvəndlərin effektivliyinin qiymətləndirilməsi üzrə sınaqların oktyabr və ya noyabr aylarında başlanması planlaşdırılır.
Ebola virusu hemorragik qızdırmaya səbəb olan təhlükəli infeksiyalardan biridir. Xəstəlik ilk dəfə 1976-cı ildə Sudan və KDR-də eyni vaxtda baş verən epidemiyalar zamanı qeydə alınıb. Adını KDR-dəki Ebola çayından alan virus 2013-cü ilin dekabrından etibarən Qərbi Afrikada geniş yayılmağa başlayıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən böyük epidemiyada 30 mindən çox insan virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.
KDR-nin şərqində yerləşən İturi əyalətində yüzlərlə şübhəli yoluxma və ölüm halının qeydə alınmasından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib. Hazırda əsas narahatlıq Bundibugyo variantının yayılmasıdır. Bu variantla bağlı təsdiqlənmiş müalicə və peyvəndin olmaması səhiyyə qurumlarının qarşısında ciddi problemlər yaradır.\referans media\
















