Dənizlərdə geosiyasi rəqabətin getdikcə gücləndiyi bir dövrdə ölkələr hərbi dəniz qüvvələrini müasir döyüş gəmiləri, sualtı qayıqlar və təyyarədaşıyan gəmilərlə gücləndirməyə davam edir.
Qlobal hərbi potensial qiymətləndirmələrinə əsasən, dünyanın ən güclü 15 hərbi dəniz donanmasının siyahısı açıqlanıb.
Cagdas.az xəbər verir ki, hərbi strateqlərin fikrincə, dənizlərə nəzarət dövlətlərin iqtisadi, siyasi və hərbi gücünün əsas göstəricilərindən biri hesab olunur. XIX əsrin tanınmış strateqi Alfred Tayer Mahanın “Dənizlərə hökm edən dünyaya hökm edər” fikri də dəniz hakimiyyətinin qlobal güc balansındakı rolunu ön plana çıxarıb. Açıqlanan reytinqdə ilk yeri ABŞ tutub. ABŞ Hərbi Dəniz Qüvvələri təyyarədaşıyan gəmiləri, nüvə sualtı qayıqları və eyni anda Atlantik, Sakit və Hind okeanlarında əməliyyat aparmaq imkanları ilə dünyanın ən güclü donanması hesab edilir.
İkinci pillədə son illərdə hərbi dəniz qüvvələrinə böyük sərmayələr yatıran Çin qərarlaşıb. Pekin müasir esminesləri, təyyarədaşıyan gəmiləri və sürətlə genişlənən sualtı qayıq donanması ilə Sakit okeanda təsirini artırıb.
Üçüncü yerdə isə nüvə sualtı qayıqları və uzaqmənzilli raket imkanları ilə seçilən Rusiya yer alıb. Siyahının davamında İndoneziya, Cənubi Koreya, Yaponiya, Hindistan, Fransa və Böyük Britaniya qərarlaşıb. Türkiyə isə reytinqdə 10-cu pillədə yer alıb.
Son illərdə yerli müdafiə sənayesində əldə olunan nailiyyətlər sayəsində Türkiyə Hərbi Dəniz Qüvvələri MİLGEM layihəsi çərçivəsində inşa edilən döyüş gəmiləri, müasir sualtı qayıq proqramları, amfibiya hücum gəmisi TCG Anadolu və pilotsuz dəniz sistemləri ilə regional hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Reytinqdə sonrakı yerləri İtaliya, Tayvan, Misir, Şimali Koreya və Əlcəzair tutub.(sfera.az)















