Bank sektorunda əhalinin və şirkətlərin vəsaitlərinin hərəkətində diqqətçəkən fərqli tendensiya yaranıb. Əhalinin banklardakı əmanətləri son bir ildə 15,8 faiz artaraq 17,9 milyard manata çatdığı halda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3 faiz azalıb. Eyni dövrdə maliyyə təşkilatlarının depozitlərinin isə 41,8 faiz artması banklardakı vəsaitlərin mənbələri və onların iqtisadiyyatda necə istifadə edilməsi ilə bağlı suallar yaradır. Bəs əhali niyə vəsaitlərini daha çox banklarda saxlamağa üstünlük verir, şirkətlərin depozitləri niyə azalır və bu tendensiya iqtisadiyyat üçün nə deməkdir?
Cagdas.az bildiriri ki Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb:

“Əhalinin banklardakı əmanətləri sürətlə artır. Avqustun 1-nə əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatıb. Bu artımın 3 əsas səbəbi ola bilər. Birincisi, gəlirlərin artması, ikincisi, banklara inamın yüksəlməsi və yüksək depozit faizləri, üçüncüsü isə vəsaitlərin yatırılması üçün alternativ imkanların məhdudluğudur.
DSK-nın məlumatına görə, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artıb. Deməli, əmanətlərin 15,8% artmasını yalnız əhali gəlirlərinin artması ilə izah etmək olmaz. Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır”.
İqtisadçı qeyd edib ki, digər maraqlı göstərici maliyyə təşkilatlarının depozitlərinin 41,8% artaraq 4,36 milyard manata çatmasıdır:
“Bunun da 3 əsas səbəbi ola bilər. Birincisi, maliyyə təşkilatlarının sərbəst vəsaitlərinin artması, ikincisi, büdcə vəsaitlərinin xərclənənədək müvəqqəti olaraq bank depozitlərində yerləşdirilməsi, üçüncüsü isə maliyyə təşkilatlarının sərbəst vəsaitlərini digər istiqamətlərə yönəltmək əvəzinə daha çox banklarda saxlamasıdır.
Eyni zamanda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb. Nəzəri baxımdan bunun bir neçə səbəbi ola bilər. Bu səbəblərə şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin həcminin artması, eləcə də idxal və digər xarici ödənişlər üçün vəsaitlərin bank hesablarından çıxması aid edilə bilər. Konkret səbəbləri müəyyən etmək üçün isə depozitlərin azalmasının sahələr və şirkətlər üzrə strukturuna baxmaq lazımdır”.
Eldəniz Əmirovun fikrincə, əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir:
“Eyni zamanda bankların kredit vermək üçün resurs bazasını genişləndirir. Digər tərəfdən, əhalinin vəsaitlərinin getdikcə daha çox depozitlərdə cəmlənməsi alternativ investisiya alətlərinin yetərincə inkişaf etmədiyinin və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdudluğunun da göstəricisi ola bilər”.
















