Azərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi və minimum əməkhaqqının mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bildirilir ki, məqsəd əməkhaqqı sisteminin daha çevik və beynəlxalq standartlara uyğun formalaşdırılmasıdır. Bəs minimum saatlıq əməkhaqqının tətbiqi əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
Çağdaş.Az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkədə minimum əmək haqqının saatlıq əsasda hesablanmasına keçid cari dövrdə bazar iqtisadiyyatı şəraitinin tələblərinə uyğun addım kimi qiymətləndirilir:
“Əvvəllər bu sistem daha çox aylıq və tam ştatda çalışan işçilər üçün nəzərdə tutulurdu və klassik əmək münasibətləri çərçivəsində tətbiq edilirdi. Lakin müasir əmək bazarında vəziyyət daha fərqlidir. “Freelancer”lər, yarımştat işləyənlər, həmçinin həftəlik və aylıq iş saatları dəyişkən olan əmək münasibətləri geniş yayılıb. Bu da əmək münasibətlərinin daha çevik və rəngarəng xarakter almasına səbəb olub. Bu şəraitdə yalnız aylıq minimum əmək haqqı sistemi bütün sahələrdə effektiv nəzarət mexanizmi yaratmır və bəzi hallarda suallar və anlaşılmazlıqlar doğurur. Saatlıq minimum əmək haqqı isə işçinin real işlədiyi vaxtın daha dəqiq uçotunu aparmağa, eyni zamanda əmək hüquqlarının daha çevik və ədalətli qorunmasına imkan yaradır. Əslində, minimum əmək haqqı dövlət tərəfindən müəyyən edilən sosial standartdır və işəgötürənlər üçün məcburi hüquqi çərçivə formalaşdırır. Qanunvericiliyə əsasən, heç bir müəssisə işçiyə bu məbləğdən aşağı əmək haqqı ödəyə bilməz. Bu norma həm Əmək Müfəttişliyi, həm də vergi orqanları tərəfindən nəzarət olunur”.
O deyib ki, saatlıq minimum əmək haqqına keçid nəzarət mexanizmlərini daha şəffaf edir:
“Müxtəlif iş qrafikləri ilə çalışan şəxslərin hüquqlarının daha düzgün qorunmasına şərait yaradır. Xüsusilə tam iş günü işləməyən şəxslər üçün bu yanaşma daha ədalətli hesab olunur. Eyni zamanda bu dəyişiklik mövcud əmək haqlarının avtomatik artması və ya minimum əmək haqqının yüksəlməsi demək deyil. Bu, daha çox hesablamaların və nəzarət sisteminin yeni reallığa uyğunlaşdırılmasıdır. 2025-ci ildən etibarən minimum əmək haqqının artırılaraq 340 manatdan 400 manata çatdırılması da bu sistemin tətbiqi üçün əsas baza kimi çıxış edir. Yeni yanaşma əmək münasibətlərində həm işçi hüquqlarının qorunmasına, həm də dövlət nəzarətinin daha səmərəli təşkilinə xidmət edir”.
Qısası, Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid qeyri-tam iş günündə və fərqli qrafiklərlə çalışan insanların əməyinin daha ədalətli qiymətləndirilməsinə və qeydiyyatın düzgün aparılmasına kömək edəcək.
















