2025-2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına attestatlar elektron formatda təqdim olunmasına 11 avqust 2026-cı il tarixindən etibarən başlanılıb. Bununla belə, yeniliyin tətbiqi xaricdə təhsil almaq istəyən məzunların sənədlərinin apostilləşdirilməsi (diplomun rəsmi təsdiqi) ilə bağlı bir sıra suallar yaradıb.
Cagdas.az bildiriri ki Modern.az məsələyə aydınlıq gətirmək məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri – attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.
“Attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.
Vətəndaşlar attestatlarını myGov platformasının “Təhsil məlumatlarım”, daha sonra “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.
Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxutmaqla və ya Elm və Təhsil Nazirliyinin saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsini və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür”, – deyə rəsmi məlumatda vurğulanıb.
















