Əmək bazarında yaş amili işə qəbul prosesində mühüm rol oynayır. Xüsusilə 40 yaşdan yuxarı şəxslər bəzi vakansiyalarda yaş məhdudiyyəti ilə qarşılaşdıqlarını və iş tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
Cagdas.az bildiriri ki İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, işəgötürənin yaşlı deyil, gənc işçilərə üstünlük verməsi gələcəyi düşünməsi ilə bağlıdır.
Onun sözlərinə görə, işəgötürən gələcəyi düşünərək gənc işçiyə işi öyrədir və təcrübə qazandırdıqdan sonra həmin əməkdaşın uzun müddət şirkətə, istehsal sahəsinə və ya biznesə xidmət edəcəyini nəzərə alır. O qeyd edib ki, bu yanaşma əsasən özəl sektora aiddir, dövlət sektorunda isə meyarlar bir qədər fərqlidir.

N.Cəfərlinin fikrincə, digər səbəb gənclərin ilkin mərhələdə daha az maaşla işləməyə razı olmasıdır. Yaşlı insanlar adətən ailəli olduğundan onlar aşağı əməkhaqqı ilə işləməyə daha az meylli olurlar. Ekspert gənc işçilərə üstünlük verilməsinin başqa səbəblərinin də olduğunu bildirdi:
“Gənclərin yenilikləri daha tez mənimsəməsi və yeni biliklərə uyğunlaşmaq qabiliyyəti də işəgötürənlərin seçimində mühüm rol oynayır. Bütün bu səbəblər birlikdə nəzərə alındıqda, işəgötürənlərin gənclərə üstünlük verməsi daha aydın görünür. Əmək bazarında gənclərin sayının çox olması və onların yeni biliklərə açıq olması şirkətlər üçün müəyyən üstünlüklər yaradır. Bununla yanaşı, işəgötürənlərin seçim zamanı yalnız yaş amilini deyil, namizədin peşəkar bacarıqlarını, təcrübəsini və işə uyğunluğunu da nəzərə alması vacibdir”.
İqtisadçı hesab edir ki, əmək bazarında gənclərin də işə qəbulunda problemlər olur və onlardan biri təcrübə tələbinin yüksək olmasıdır:
“Gənclər ilk iş təcrübəsini əldə etməkdə çətinlik çəkərkən, işəgötürənlər isə hazır və təcrübəli kadr axtarışında olurlar. Bu ziddiyyət nəticəsində əmək bazarına yeni daxil olan şəxslərin iş tapması daha da çətinləşə bilər”.
















