Ermənistanın Konstitusiyasında dəyişikliklərin təkcə hüquqi deyil, həm də siyasi və ideoloji əhəmiyyət daşıyır.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışı zamanı qeyd edib.
“Konstitusiya hər bir dövlətin quruculuğunun əsas sənədi, xalqın gələcək inkişaf istiqamətini və dövlətçilik ideologiyasını müəyyən edən başlıca siyasi-hüquqi sənəddir. Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması və referendumda qəbul edilməsi ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan cəmiyyəti qarşısında indi əsas seçim revanşizm və sülh arasında aparılmalıdır. Erməni xalqının yeni Konstitusiya ilə bağlı qərarını xarici dövlətlər deyil, ölkə vətəndaşlarının iradəsimüəyyən etməlidir”, – o deyib.
Z.Oruc, həmçinin 2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə toxunaraq bildirib ki, seçicilərin səsi keçmiş rəhbərliyin hakimiyyətə qayıtmasına və yeni müharibə perspektivinə münasibətin göstəricisidir:
“Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Ermənistanın əvvəlki siyasi və ideoloji yanaşmalarına da təsir göstərib. Yeni Konstitusiyanın ərazi iddialarından imtina və qonşularla dinc münasibətlərin qurulması baxımından əhəmiyyətlidir. Regionda yaranan yeni geosiyasi və iqtisadi imkanlar, ABŞ tərəfindən irəli sürülən TRIPP layihəsinin icrasının başlanması Cənubi Qafqazda yeni mərhələnin göstəricilərindən biri kimi qiymətləndirilməlidir. Regionda sülhün təmin olunması Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin genişlənməsi üçün də yeni imkanlar yaradacaq”.
Deputat Ermənistanın gələcəyinin ərazi iddialarından imtina etməsindən və Azərbaycanla münasibətlərdə sülh yolunu seçməsindən asılı olduğunu bildirib.
“İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır!”, – deyə Zahid Oruc vurğulayıb.


