Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Fevralın 9 və 10-u bayramdır

Mədəniyyət

Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı bəzi yerlərdə fevralın 9-da və 10-da kiçik çillənin yarı olduğu gündə keçirilir.

Bu bayram Naxçıvanda, Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də qeyd olunur. Çalxanqala, Təzəkənd kəndlərində isə “Xıdır Nəbi” fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir.

Xıdır Nəbi günü bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xıdırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, islamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-da keçirilməlidir.

Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir.

Digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı, Anadolunun digər ərazilərindən fərqli olaraq, may ayının 6-da yox, Naxçıvanda olduğu kimi, fevral ayında qeyd edilir. Axıska türkləri arasında da Xıdır Nəbi bayramı fevral ayında keçirilir. Hər il yanvar ayının son həftəsi ilə fevral ayının ilk həftəsi arasında Xıdır bayramı keçirilir. Burada mövcud olan inanca görə, Xıdır darda qalan, sıxıntıda olan insanlara yardım edən ulu bir varlıqdır. Bu həftə üç gün oruc tutulur.

Rodos türklərində Hıdır-Ellezdə dəniz kənarına gedilir, inanca görə, Xıdırdan nə istənilsə, onun rəsmini çəkib dənizə atarlar. Qazaxlarda Xıdır inancı Novruz bayramı ilə eyni gündə qeyd edilir. Burada mövcud olan inama görə, 22 mart gecəsi saat 3-də Xıdır dədənin gəldiyi və bərəkət payladığı söylənilərək bu gecəyə “Xıdır gecəsi” adı verilmişdir.

“Xıdır Nəbi”də keçirilənlər Orta Asiya mədəniyyəti (şamanizmi), əski Anadolu mədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyas motivi) Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, günəşi çağırmaq) və s. birləşməsindən yaranan bir şənlik törənidir./Milli.az/