Fransanın Kann-sür-Mer şəhərində yerləşən Ogüst Renuar Muzeyi qarət edilib.
Referans Media xəbər verir ki, oğrular məşhur fransız rəssamının ümumi dəyəri 9 milyon avro qiymətləndirilən dörd əsərini aparıblar.
İki nəfər səhər saat 06:00 radələrində Fransanın Lacivərd sahilində yerləşən muzeyə daxil olub. Siqnalizasiya işə düşdükdən cəmi bir neçə dəqiqə sonra polis hadisə yerinə çatıb.
Oğurluq təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə cinayətkarların tabloları divardan götürdüyü və bəzi əsərləri çərçivələrindən kəsərək çıxardığı görünür.
“Nice-Matin” nəşrinin məlumatına görə, oğurlanan əsərlər Renuarın “Madam Pişonun portreti” (1895), “Madam Kolonna Romanonun portreti” (1910), “Koko oxuyarkən” (1905) və “Quyu başında gənc qadın” (1886) tablolarıdır.
Qaçarkən oğrular dörd əsərdən ikisini atıblar. Həmin tablolar sonradan tapılıb. Digər iki rəsm əsəri isə hələ də itkin hesab olunur. Tapılan və oğruların əlində qalan əsərlərin konkret olaraq hansılar olduğu hələ açıqlanmayıb.
Muzey Renuarın həyatının son illərini keçirdiyi “Domaine des Collettes” malikanəsində yerləşir. Muzeyin kolleksiyasında rəssamın cəmi 13 orijinal tablosu saxlanılır./Musavat.com/

















