Türkiyəli jurnalist Fulya Öztürk Qarabağa səfəri zamanı çəkdiyi videonu sosial media hesabında paylaşaraq bölgədə aparılan bərpa və minalardan təmizləmə işləri barədə danışıb.
Cagdas.az xəbər verir ki, jurnalist “Instagram” hesabında yayımladığı videoda İkinci Qarabağ müharibəsinin şahidlərindən biri olduğunu xatırladaraq, yenidən Qarabağda olmaqdan qürur duyduğunu bildirib.
“Canım Qarabağ! O qədər gözəldir ki… Havası, təbiəti, insanları çox özəldir. Burada gördüklərim məni çox duyğulandırdı”, – deyə o qeyd edib.
Fulya Öztürk sonuncu dəfə iki il əvvəl Ağdamda olduğunu xatırladaraq, bu müddətdə bölgədə böyük dəyişikliklərin baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, Ağdamda beşulduzlu otel fəaliyyətə başlayıb, yeni yaşayış evləri tikilir və artıq 60 mindən çox insan Qarabağa qayıdaraq burada məskunlaşıb.
Jurnalist videoda Ermənistanın bölgəni tərk edərkən çoxlu sayda mina və partlayıcı basdırdığını, bunun isə mülki əhali üçün ciddi təhlükə yaratdığını bildirib. O qeyd edib ki, indiyədək 250 mindən çox mina aşkarlanaraq zərərsizləşdirilib, lakin ərazidə hələ də minlərlə, hətta bir milyondan çox minanın olduğu ehtimal edilir.
Paylaşımda Azərbaycanın minatəmizləmə mütəxəssislərinin və hərbçilərinin ərazidə intensiv fəaliyyət göstərdiyi, bir tərəfdən minaların zərərsizləşdirildiyi, digər tərəfdən isə Qarabağda yenidənqurma və məskunlaşma prosesinin davam etdiyi vurğulanıb.
Videoda mina partlayışının görüntüləri də yer alıb.(modern.az)
















