82 il əvvəl İkinci Dünya müharibəsinin ən böyük hücum əməliyyatlarından biri – “Baqration” başa çatıb.
Cagdas.az Musavat.com-a istinadən xəbər verir ki, 1944-cü ilin yayında həyata keçirilən əməliyyat Belarusun azad edilməsində, eləcə də sovet qoşunlarının Polşa və Litva istiqamətində irəliləməsində həlledici rol oynayıb.
Sovet hərbçisi İvan Baqramyan əməliyyata hazırlıq dövrünü sonralar belə xatırlayırdı:
“Mayın əvvəlində Moskvaya çağırıldım. Orada məni general Antonov qəbul etdi. O, məni Belarus əməliyyatının plan layihəsi ilə tanış etdi və həmin vaxt qeyd etdiyi kimi, bu, 1944-cü ilin əsas hücum əməliyyatı idi. Sonradan ona “Baqration” şərti adı verildi. Qarşıdakı hücumun miqyasından ruhlanmış halda geri qayıdırdıq və Belarus uğrunda böyük döyüşə hazırlığa mümkün qədər tez başlamaq istəyirdik”.
Qeyd edək ki, sovet hərbçisi İvan Baqramyan 2 dekabr 1897-ci ildə o vaxt Yelizavetpol adlanan indiki Gəncə şəhəri yaxınlığında, dəmiryol işçilərinin yaşadığı ərazidə dünyaya gəlib. Onun valideynləri isə indiki Şəmkir rayonunun o vaxt Çardaqlı adlanan, hazırda Çənlibel adını daşıyan kəndindən idilər. Atası Xaçatur Baqramyan dəmiryolunda çalışırdı.
Baqramyanın öz xatirələrinə görə, uşaqlığının demək olar ki, hamısı 15 yaşına qədər Yelizavetpol (Gəncə) dəmiryol stansiyasının işçiləri arasında keçib. O, əvvəlcə Yelizavetpolda ibtidai təhsil alıb, 1907–1912-ci illərdə isə Yelizavetpol dəmiryol məktəbində oxuyub və buranı əla qiymətlərlə bitirib. 1912-ci ildə təhsilini davam etdirmək üçün Tiflis dəmiryol texniki məktəbinə daxil olub və 1915-ci ildə oranı bitirib. Daha sonra bir neçə ay Yelizavetpol dəmiryolunda texnik-təcrübəçi işləyib və həmin il hərbi xidmətə yollanıb.
Əsl adı Ovanes Xaçaturoviç Baqramyan olan hərbçi İkinci Dünya müharibəsi illərində bir sıra vəzifələrdə xidmət edib. 1955-ci ildə ona Sovet İttifaqı Marşalı rütbəsi verilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən şəmkirli Baqramyan 21 sentyabr 1982-ci ildə Moskvada vəfat edib.
“Baqration” əməliyyatı zamanı minlərlə sovet əsgəri ağır döyüşlərdə iştirak edib. Onlardan biri serjant Aleksandr Belov idi. 1944-cü ildə onun hərbi hissəsi Orşa istiqamətində hücum edərkən döyüşün qızğın vaxtında pulemyotu sıradan çıxıb. Belov topdan istifadə edərək yaxın məsafədən düşmən mövqelərinə atəş açmağa başlayıb. Döyüş zamanı başından ağır yaralanıb.
Əməliyyatın digər iştirakçılarından biri Qırğızıstanın Otuz-Uul kəndindən olan 21 yaşlı Cumaş Asanəliyev idi. Belarus uğrunda döyüşlərin birində pulemyot heyətindən sağ qalan yeganə döyüşçü olub. O, təxminən 20 alman hərbçisini öldürüb. Sursatı tükənmək üzrə olarkən alman əsgərləri onu mühasirəyə alaraq təslim olmağa çağırıblar. Asanəliyev isə sonuncu qumbarasını partladaraq özü ilə birlikdə ətrafındakı düşmən əsgərlərini də öldürüb. Mənbələrdə onun son sözlərinin “Qvardiya təslim olmur” olduğu bildirilir.
1944-cü il iyunun 23-də başlayan “Baqration” əməliyyatı avqustun 29-da başa çatıb. Əməliyyat nəticəsində Almaniyanın “Mərkəz” Ordu Qrupu ağır məğlubiyyətə uğradılıb, Belarusun böyük hissəsi azad edilib və sovet qoşunları Polşa və Litva istiqamətində irəliləyib.
















