Ürək-damar xəstəlikləri ilə bağlı geniş yayılmış yanlış təsəvvürlərdən biri də infarktın yalnız yaşlı insanlarda baş verməsidir. Mütəxəssislər isə bu problemin gənc insanlarda da müşahidə oluna biləcəyini bildirirlər.
Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, kardiologiya mütəxəssisi Dr. Ender Özal ürək xəstəliklərinin yalnız yaşlı insanlara xas olmadığını vurğulayıb. Onun sözlərinə görə, düzgün qidalanmamaq, siqaretdən istifadə və stress gənclərdə də ürək-damar xəstəlikləri riskini artıran əsas amillər sırasındadır.
Mütəxəssis bildirib ki, infarkt hər zaman güclü sinə ağrısı ilə başlamaya bilər. Nəfəs darlığı, ürəkbulanma, soyuq tər, bel və kürək nahiyəsində ağrı, qəfil halsızlıq kimi əlamətlər də infarktın göstəricisi ola bilər.
Dr. Özal xüsusilə qəfil başlayan və insan üçün qeyri-adi olan şikayətlərin diqqətdən kənarda saxlanılmamasını tövsiyə edib. Belə hallarda vaxt itirmədən təcili tibbi yardıma müraciət etməyin vacib olduğunu qeyd edib.
Türkiyə Statistika Qurumu (TÜİK) məlumatlarına görə, 2025-ci ildə ölkədə qeydə alınan ölümlərin 34,7 faizi qan dövranı sistemi xəstəlikləri ilə bağlı olub. Bu xəstəliklərdən ölüm hallarının 42,3 faizi işemik ürək xəstəliklərinin, 24,6 faizi digər ürək xəstəliklərinin, 18,2 faizi isə beyin-damar xəstəliklərinin payına düşüb.
Həkimlər ürək sağlamlığının qorunması üçün siqaretdən uzaq durmağı, sağlam qidalanmağı, fiziki aktivliyi artırmağı, qan təzyiqi və xolesterin səviyyəsinə mütəmadi nəzarət etməyi tövsiyə edirlər\metbuat.az\


