Yaxın Şərqdə gərginlik yenidən pik həddə çatıb. İranın İsrailə raket zərbələri endirməsindən sonra Tehran tərəfindən ilk siyasi açıqlama verilib.
Cagdas.az xəbər verir ki, İranın ali dini lideri Müctəba Xamenei sosial şəbəkə hesabında paylaşdığı mesajda İsraili hədəf alaraq, “Sarsılan sionist rejimin nəfəsi tükənib” ifadələrini işlədib. Bu bəyanat İranın İsrailə raket hücumundan sonra səsləndirilən ilk rəsmi siyasi mesajlardan biri olub.
İsrail ordusu isə İran ərazisindən atılan raketlərin aşkarlandığını və hava hücumundan müdafiə sistemlərinin dərhal işə salındığını açıqlayıb. Ölkə üzrə həyəcan siqnalları verilib və təhlükəsizlik tədbirləri gücləndirilib.
ABŞ Prezidenti Donald Tramp tərəfləri təmkinli olmağa çağıraraq gərginliyin daha da artmamasının vacibliyini vurğulayıb. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayacağını və İrana qarşı yeni cavab zərbələrindən çəkinməsini tövsiyə edəcəyini bildirib. Tramp eyni zamanda İranı danışıqlar masasına qayıtmağa çağırıb.
Bununla belə, son məlumatlara görə, İsrail Trampın çağırışına baxmayaraq İranın hərbi obyektlərinə yeni zərbələr endirib. Bu isə bölgədə vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.(Referans Media)
















