İsrail Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi Suriyanın İdlib əyalətindəki “Əbu-əl-Duhur” hərbi aviabazasına Türkiyə hərbçiləri yerləşdiriləcəkmiş.
Cagdas.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” nəşri məlumat yayıb.
Məlumata görə, 2024-cü il 8 dekabr çevrilişindən sonra “Əbu-əl-Duhur” bazasında yenilənmə işləri aparılıb. Bazadakı tikililər Suriya hökuməti, hava limanının uçuş-enmə zolağı isə Türkiyə tərəfindən təmir olunub. İki ölkə arasında əldə edilən razılaşmaya uyğun olaraq, bazaya hava hücumundan müdafiə avadanlıqlarının, əsasən kəşfiyyat və zərbə PUA-larının yerləşdirilməsinə başlanılıb.
Türkiyədə keçirilən bir sıra təlimlərdən sonra hərbi personalın, yerüstü və aviasiya texnikasının bazaya yerləşdirilməsi üçün bütün hazırlıqlar başa çatıb. Əgər İsrailin gecə yarısı hücumu olmasaydı, 13 saat ərzində bazaya 200-dən çox əsgər göndəriləcəkdi.
Bildirilib ki, Türkiyə hərbçilərinin yerləşdirilməsindən sonra bazadakı PUA-lardan istifadə etməklə, xüsusən də Palmira-Xüms bölgəsindəki İŞİD qruplaşmalarını hədəf alan əməliyyatlara başlanılacaqdı.
Nəşrin mənbələrə istinadla verdiyi məlumata görə, türkiyəli hərbçilər “Əbu-əl-Duhur” bazasında olsaydı, çoxlu sayda itki veriləcəkdi.
Qeyd edək ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada hərbi baza qurmasına imkan verməyəcəklərini demişdi.
















