Bir çox sərnişin ictimai nəqliyyatda ödəniş üçün BakıKart QR biletlərindən istifadə edir. Sərnişin üçün daha rahat və əlçatan ödəniş üsullarından biri hesab olunan QR biletlərin müəyyən istifadə müddəti var. Hazırda bu biletlər alındığı andan etibarən 45 dəqiqə ərzində istifadə edilə bilər.
Lakin bəzi hallarda sərnişin QR bileti aldıqdan sonra müxtəlif səbəblərdən həmin biletdən istifadə edə bilmir. Məsələn, avtobusun gecikməsi, marşrutun dəyişdirilməsi, sərnişinin səfərini təxirə salması və ya digər gözlənilməz səbəblər nəticəsində biletin 45 dəqiqəlik istifadə müddəti başa çata bilər. Belə olan halda isə sərnişin ödədiyi vəsaitin taleyi ilə maraqlanır.
Xüsusilə biletin istifadə edilmədən müddətinin başa çatması zamanı ödənilən məbləğin avtomatik olaraq geri qaytarılıb-qaytarılmaması sual doğurur. Sərnişinlər üçün burada əsas məsələ istifadə olunmamış QR biletə görə ödənilən vəsaitin geri alınmasının mümkün olub-olmamasıdır.
Bəs 45 dəqiqəlik istifadə müddəti başa çatdıqda və QR biletdən ümumiyyətlə istifadə edilmədikdə sərnişinin ödədiyi məbləğ geri qaytarılırmı? Əgər qaytarılırsa, bunun üçün sərnişin hansı qaydada müraciət etməlidir və vəsaitin geri qaytarılması nə qədər müddət ərzində həyata keçirilir?
Cagdas.az bildirir ki, Bizim.Media mövzuyla əlaqədar “BakıKart” a sorğu ünvanlayıb:
“BakıKart” “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Aynur Kərimli sorğumuza cavab olaraq bildirib ki, istifadə edilməyən vəsait sərnişinə geri qaytarılır:
“Mobil tətbiqlər vasitəsilə yaradılan BakıKart QR biletinin istifadə müddəti 45 dəqiqədir. QR bilet bu müddət ərzində gediş üçün istifadə edilmədiyi halda, biletə görə ödənilmiş vəsait itirilmir.
İstifadə olunmayan QR bilet üzrə ödənilmiş məbləğ 10 gün ərzində istifadəçinin balansına avtomatik şəkildə geri qaytarılır”.
















