Cagdas.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, xüsusilə bəzi ərazilərdə kirayə qiymətlərində daha nəzərəçarpan artım var. Onun sözlərinə görə, investorlar qiymət artımını müşahidə etdikləri ərazilərdə mənzillər alaraq onları kirayə bazarına çıxarırlar.
Ekspertin sözlərinə görə, “Ağ şəhər”, Yusif Səfərov küçəsi və ətrafı, Gənclik və Atatürk prospekti istiqaməti, həmçinin Xətai rayonunun bəzi hissələri kirayə bazarında daha aktiv ərazilər sırasındadır.
Quliyev qeyd edib ki, mənzil qiymətləri ərazidən və konkret yaşayış layihəsindən asılı olaraq dəyişir. İnvestisiya qərarı verərkən yalnız mövcud qiymətlər deyil, ərazinin gələcək inkişaf perspektivləri də nəzərə alınmalıdır.
Daha münasib qiymətə mənzil almaq istəyənlər üçün Binəqədinin 8-ci mikrorayonu və Dərnəgül istiqaməti alternativ ərazilər kimi göstərilir. Bununla belə, həmin ərazilərdə də kirayə qiymətlərində sabitlik müşahidə olunmur.
Ekspert Badamdar qəsəbəsinin mərkəzi hissəsi və 3-cü massiv ətrafında da qiymət artımının olduğunu bildirib. Onun sözlərinə görə, bu ərazilərdə kirayə və mənzil qiymətlərinin təxminən 7–10 faiz yüksəlməsində ekoloji vəziyyət, şəhər mənzərəsi və nəqliyyat sıxlığından nisbətən uzaqlıq kimi amillər rol oynayır.
Quliyev əlavə edib ki, bu ərazilərdə mənzil alan investorların gələcəkdə əmlakı daha rahat satmaq imkanları da yüksəkdir.\modern.az\
















