Kremlin sözçüsü Dmitry Peskov bildirib ki, Rusiyanın neft məhsullarının ixracına tətbiq etdiyi qadağa qüvvədə qalır və əsas məqsəd ölkənin daxili bazarında kifayət qədər yanacaq ehtiyatının təmin edilməsidir.
Çağdaş.Az-ın məlumatına görə, Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda qlobal neft bazarında vəziyyət sürətlə pisləşir. Onun sözlərinə görə, buna əsas səbəb Fars körfəzində artan gərginlik və nəticədə bazara çıxarılan neft həcminin azalmasıdır.
O, ABŞ Prezidenti Donald Trumpın Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları dayandırmalı olduğu və bu hücumların dünya bazarında dizel qıtlığı yarada biləcəyi barədə açıqlamasını da şərh edib.
“Rusiyaya gəlincə, ölkəmiz həqiqətən də neft məhsullarının ixracına qadağa tətbiq edib. Bu qadağa hazırda qüvvədədir və ilk növbədə daxili bazarın kifayət qədər yanacaqla təmin olunmasına xidmət edir”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, Rusiya hökuməti iyulun 30-da benzin, dizel yanacağı və digər neft məhsullarının ixracına 2027-ci il yanvarın 31-dək qüvvədə olacaq yeni müvəqqəti qadağa tətbiq edib.
















