TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı artırılıb. Yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən tətbiq olunur.
Cagdas.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
İslahat 15 804 həkimi, 36 041 orta və 20 367 kiçik tibb heyəti işçisini əhatə edir. Əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsait yönəldilib. Ayrı-ayrı vəzifələr üzrə ümumi maaş artımı 135 faizədək yüksəlir.
Yeni qaydalara əsasən, ailə və sahə həkimlərinin əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılıb. Artım 850 manat və ya 74 faiz təşkil edir.
Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin maaşı 1550 manatdan 2500 manata, 3A və 3B kateqoriyalı təcili tibbi yardım şöbələrinin həkimlərinin əməkhaqqı isə 2100 manatdan 3000 manata qaldırılıb.
3A və 3B kateqoriyalı müəssisələrdə çalışan anestezioloq-reanimatoloqların əməkhaqqı 1450 manatdan 3000 manata çatdırılıb. Bu ixtisas üzrə maaş artımı 1550 manat və ya 107 faizdir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimlərinin maaşı 1550 manatdan 2200 manata, stansiya müdirlərinin əməkhaqqı isə 1750 manatdan 2700 manata yüksəldilib. Təcili tibbi yardım tibb bacılarının maaşı 1100 manatdan 1210 manata, “Ambucycle” feldşerlərinin əməkhaqqı isə 1100 manatdan 1810 manata çatdırılıb.
Əməkhaqqı artımı 36 041 orta tibb heyəti işçisini əhatə edib. Bu kateqoriya üzrə maaşlar orta hesabla 17 faiz artırılıb.
Bundan başqa, 20 367 kiçik tibb heyəti işçisinin əməkhaqqında orta hesabla 18 faiz artım tətbiq olunub.
Rəhbər tibb bacılarının maaş artımına dair nümunə də açıqlanıb. Belə ki, 3B kateqoriyalı müəssisənin baş tibb bacısının əməkhaqqı 1454 manatdan 2125 manata çatdırılıb. Bununla da maaş 671 manat və ya 46 faiz artırılıb.
Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə ayrıca dəstək mexanizmi də tətbiq edilir. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, digər şəhər və rayonlarda çalışan hədəf ixtisaslı həkimlərə əlavə stimullaşdırıcı ödənişlər veriləcək.
Regionlarda uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqı 1450 manatdan 3000 manata, neonatoloqların maaşı 1450 manatdan 2400 manata, hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata çatdırılıb.
Mama-ginekoloq, neyrocərrah, uşaq cərrahı, ürək-damar cərrahı, çənə cərrahı və travmatoloqların əməkhaqqı 1450 manatdan 2150 manata qaldırılıb.
Bundan əlavə, regionlarda cərrahi tibbi xidmətlər, fizioterapiya və reabilitasiya, anestezioloji xidmətlər və invaziv radiologiya sahələrində işin nəticəsinə görə hesablanan əlavələrə 1,3 regional əmsal tətbiq olunur. Məsələn, 2000 manat məbləğində hesablanan əlavə ödəniş regional əmsal nəticəsində 600 manat artaraq 2600 manata çatır.
Yeni mexanizmin əsas məqsədi tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq, ixtisaslı həkimləri regionlara cəlb etmək və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığını artırmaqdır.\modern.az\



















