Kanadanın Baş naziri Mark Karni və ABŞ Prezidenti Donald Tramp uzun müddətdir davam edən ikitərəfli ticarət fikir ayrılıqları ilə bağlı telefon danışığı aparıblar.
Çağdaş.Az xəbər verir ki, Karni sosial media hesabında etdiyi paylaşımda Tramp ilə telefonla danışdığını bildirib.
Kanada və ABŞ arasında ticarətin gələcəyi ilə bağlı “yaxşı” müzakirə apardıqlarını qeyd edən Karni bildirib ki, görüş yaxın zamanda keçirilən konstruktiv danışıqların davamı olub.
“Bu, işçilərimiz üçün yeni məşğulluq imkanları yaradacaq, ailələrin alıcılıq qabiliyyətini artıracaq və eyni zamanda Kanadanın dillərinə, mədəniyyətinə və suverenliyinə tam hörmət göstərəcək qarşılıqlı faydalı ticarət razılaşmasının əsas istiqamətləri ilə bağlı müzakirələrin davamıdır”, – deyə Karni qeyd edib.
Kanada Baş naziri bildirib ki, hər iki ölkənin nümayəndə heyətləri yaxın həftələrdə bu istiqamətdə konkret nəticə əldə etmək üçün çalışacaq.
ABŞ və Kanada arasında xüsusilə Trampın ikinci prezidentlik dövründə gömrük rüsumları və ticarət siyasəti ilə bağlı fikir ayrılıqları artmışdı.
Karni oktyabrın 27-də verdiyi açıqlamada ABŞ ilə ticarət sazişi üzrə danışıqlara toxunaraq bildirib ki, Vaşinqtonun “qırmızı xətləri” qəbul edilərsə, razılaşmaya nail olmaq ehtimalı yüksələ bilər.
Tramp isə Miçiqan ştatında keçirilən seçki çıxışı zamanı Kanada ilə ticarət məsələsinin “tezliklə həll olunacağını” bildirib.
Tərəflər arasında aparılan son telefon danışığı ABŞ-Kanada münasibətlərində ticarət sahəsində yeni razılaşma imkanlarının araşdırıldığı kimi qiymətləndirilir.


