Valideynlərdən birinin məcburi köçkün statusunun olmaması uşağın vahid aylıq müavinət almaq hüququna birbaşa təsir edir. Mövcud qaydalara əsasən, yalnız hər iki valideyni məcburi köçkün statusuna malik olan uşaqlara bu müavinət təyin edilir. Bu isə valideynlərdən birinin statusunun digər şəxsin, yəni uşağın sosial təminat hüququna təsiri ilə bağlı hüquqi suallar yaradır.
Cagdas.az bildiriri ki məsələ ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, mövcud qanunvericilik baxımından valideynlərdən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən uşağa vahid aylıq müavinətin təyin edilməməsinin hüquqi əsası mövcuddur.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlar aylıq müavinət alan şəxslər sırasına aid edilir. Eyni zamanda, Qaydanın 2.6-cı bəndində valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar müavinətin şamil olunmadığı kateqoriyaya daxil edilib.
Bu baxımdan, yalnız bir valideynin məcburi köçkün statusuna malik olması halında uşağa vahid aylıq müavinətin təyin edilməməsi hazırda qüvvədə olan normativ tənzimləmənin birbaşa nəticəsidir. Başqa sözlə, bu halda müavinətin təyin edilməməsi qərar qəbul edən orqanın subyektiv mülahizəsindən deyil, normativ aktda müəyyən edilmiş meyardan irəli gəlir.
Ona görə də hesab edirəm ki, burada iki fərqli məsələni bir-birindən ayırmaq lazımdır: normanın mövcud qanunvericiliyə uyğunluğu və həmin normanın hüquqi bərabərlik və sosial təminat prinsipləri baxımından əsaslandırılması. Birinci məsələ ilə bağlı cavab aydındır: hazırkı Qaydanın 2.6-cı bəndi valideynlərdən birinin məcburi köçkün statusuna malik olmadığı halda uşağa aylıq müavinətin verilməsini istisna edir.
İkinci məsələ isə hüquqi müzakirəyə açıqdır. Eyni və ya oxşar vəziyyətdə olan uşaqların yalnız valideynlərindən birinin hüquqi statusuna görə sosial təminat baxımından fərqli vəziyyətə salınmasının obyektiv, ağlabatan və mütənasib əsasının olub-olmaması qiymətləndirilməlidir.
















