Bakıda metro stansiyalarının təmir işləri ilə əlaqədar müvəqqəti bağlanması yalnız sərnişinlərin gündəlik hərəkətinə deyil, bəzi ərazilərdə daşınmaz əmlak bazarına da təsir göstərə bilər. Xüsusilə metrodan gündəlik istifadə edən tələbə və işçilərin daha əlverişli nəqliyyat imkanları olan ərazilərə üz tutması müəyyən istiqamətlərdə kirayə tələbinin artmasına səbəb ola bilər. Bununla belə, ekspert hesab edir ki, söhbət müvəqqəti məhdudiyyətdən getdiyi üçün alqı-satqı bazarında ciddi dəyişiklik gözlənilmir.
Cagdas.az-ın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, burada əsas məqam metro stansiyalarının müvəqqəti bağlanmasıdır.
Onun sözlərinə görə, əgər proses müvəqqəti xarakter daşıyırsa, bu, alqı-satqı seqmentinə ciddi təsir göstərməyəcək:
“Çünki alan adam bir neçə ayı yox, illəri nəzərdə tutur. Əgər metro xətləri həmin ərazidə təmir işləri ilə əlaqədar bağlanıbsa, perspektivdə həmin ərazidə metro xətti açıldıqdan sonra qiymətlər daha baha ola bilər. O baxımdan, alqı-satqı investisiya məqsədilə aparılırsa, təbii ki, həmin ərazilərdə daha da çox ola bilər. Yox, əgər fərdi istifadə üçün evlər alınırsa, yenə insanlar öz gələcək planlarında hər hansı bir dəyişiklik etməyə bilər. Bu baxımdan hesab edirəm ki, alqı-satqı bazarı bu prosesdən hər hansı ciddi təsirə məruz qalmayacaq”.
V.Oruc qeyd edib ki, kirayə bazarında isə vəziyyət fərqli ola bilər. Onun sözlərinə görə, metrodan gündəlik istifadə edən tələbə və işçilər təmir səbəbindən daha əlverişli nəqliyyat imkanları olan ərazilərə köçə bilərlər.
“Kirayə bazarında, əlbəttə, bu hadisə müəyyən seqmentin, müəyyən konkret təbəqələrin davranışına təsir göstərəcək. Tələbə və işçi heyət gündəlik metrodansa istifadə edirsə və həmin metrolar təbii ki, bağlanıbsa, həmin şəxslər daha uyğun nəqliyyat əlçatanlığını təmin edən yerlərdə kirayə axtara bilərlər. Müvəqqəti çətinlik, işə və dərsə çatmaq üçün daha çox vaxt tələb olunması, diskomfort həmin şəxsləri daha əlverişli yerlərdə kirayə axtarmağa məcbur edə bilər”.
Ekspertin fikrincə, burada iki fərqli yanaşma ortaya çıxacaq. Bəzi kirayəçilər baş verənlərin müvəqqəti olduğunu nəzərə alaraq yaşadıqları ərazini dəyişmək istəməyəcək, digərləri isə nəqliyyat baxımından yaranan çətinliyə görə evlərini dəyişməyə üstünlük verəcəklər.
V.Oruc bildirib ki, bu səbəbdən ümumi kirayə bazarında ciddi dəyişiklik gözləməkdənsə, tələbin bir ərazidən digərinə yönəlməsi mümkündür.
“Bugünkü yanaşma təkcə metro stansiyalarına bağlı deyil. Eyni zamanda nəqliyyat əlçatanlığı əsas düşündürən məsələlərdən biridir. Piyada əlçatanlığı, metro, avtobus və gələcəkdə şəhər daxilində tramvay, qatar xətləri və digər nəqliyyat vasitələri də nəzərə alınır. Kirayəçi bunları nəzərə alaraq öz qərarını verə bilər”.
Onun sözlərinə görə, məsələn, Nizami və 28 May metrostansiyaları ətrafında kirayə axtaranların bir qismi müvəqqəti olaraq Yasamal, 20 Yanvar, Nəsimi və digər metro stansiyalarının yaxınlığına, yaxud daha rahat nəqliyyat imkanları olan Gənclik və Nərimanov istiqamətinə yönələ bilər.
“Metrodan istifadə etmək 100 faiz vacibdirsə, əlbəttə, bu amil daha çox nəzərə alınacaq. Amma nəzərə alsaq ki, infrastrukturda nəqliyyat əlçatanlığı təkcə metro ilə təmin olunmur, avtobuslar da var. Elə ərazilərimiz var ki, orada avtobus əlçatanlığı metro əlçatanlığından daha yüksəkdir. Məsələn, Yasamalı bu baxımdan göstərə bilərik”.
Ekspert hesab edir ki, əsas məsələ hər bir kirayəçinin nəqliyyat əlçatanlığını və nəqliyyatdan istifadəyə sərf etdiyi zamanı fərdi qaydada ölçməsindən asılı olacaq.
V.Orucun sözlərinə görə, xətlərin bağlandığı ərazilərdə evlərin qiymətinin ucuzlaşması gözlənilmir, lakin satış tendensiyası müvəqqəti olaraq dayana bilər.
“Bütün hallarda, söhbət xətlərin bağlandığı ərazilərdən gedir, evlərin qiymətində hər hansı ucuzlaşma mən gözləmirəm. Amma satış tendensiyası müvəqqəti olaraq dayana bilər. Alternativ olaraq seçiləcək ərazilərdə isə 10-15 faiz qiymət artımı ola bilər. Bu da qeyd etdiyim amilə görə, yəni iki cür yanaşmanın mövcud olduğuna görə, düşünürəm ki, tam olaraq yox, haradasa yarımçıq şəkildə, yəni 5-7 faiz civarında ola bilər”.(referans media)
















